TƏBİB-də fövqəladə vəziyyətlərdə tibb personalının cəlb olunması müzakirə olunub - FOTO
Tarix: 19-10-2022, 16:21 | Çap et


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Türkiyə Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidmətinin baş direktoru Eray Çınarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Vertikal.az APA-ya istinadən bildirir ki, görüş “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası Protokolu” çərçivəsində Türkiyə Milli Tibbi Xilasetmə Qrupu (UMKE) ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq çərçivəsində baş tutub.
Görüşdə Fövqəladə Hallar Nazirliyinin, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin əməkdaşları və TƏBİB-in struktur bölmə rəhbərləri iştirak edib.
Milli və beynəlxalq təbii fəlakət hallarında axtarış-xilasetmə işlərinə tibb personalının cəlb olunması məsələsi müzakirə olunub.
Ümumdünya Səhiyyə Təşkilatının bu istiqamətdə irəli sürdüyü tələbə uyğun olaraq, Türkiyə Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidməti, Fövqəladə Hallar Nazirliyi və TƏBİB-in bu istiqamətdə birgə əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in tabeliyindəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarının fəaliyyəti barədə məlumat verib. Təcili və Təxirəsalınmaz Tibbi Yardım zərurəti yarandığı halda aidiyyəti dövlət qurumları ilə sistemli və koordinasiyalı əməkdaşlıq edildiyini, mütəmadi olaraq fövqəladə hallar üzrə tibbi personala və axtarış-xilasetmə işlərində iştirak edən personala ilkin təcili yardımla bağlı təlimlər keçirildiyini diqqətə çatdırıb. Bu istiqamətdə Türkiyə təcrübəsinin önəmini qeyd edən V.Qurbanov TƏBİB-in daha geniş miqyasda əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Dos. Dr. Eray Çınar Türkiyə Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidmətinin fəaliyyəti, gördüyü işlərlə bağlı geniş təqdimatla çıxış edib, Türkiyənin bu sahədəki təcrübəsini bölüşüb. O, qarşılıqlı təlimlərin birgə əməkdaşlığa töhfə verəcəyini də qeyd edib.
“Səhiyyə Xidmətləri qurumu olaraq milli və beynəlxalq səviyyədə baş verə biləcək fövqəladə vəziyyətlərə qarşı tam təchiz olunmuş qruplar və avadanlıqlarla fəlakət bölgəsində effektiv səhiyyə xidmətləri göstərmək imkanımız var” – deyə E.Çınar əlavə edib.
Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında sualların cavablandırılması ilə başa çatıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net