Mədəniyyət Nazirliyi Yaylaq Festivalında jurnalistlərin üzləşdiyi çətinliklə əlaqədar üzr istəyib
İyulun 29-31-də Mədəniyyət Nazirliyi və digər dövlət və özəl qurumların təşkilatçılığı ilə Gəncə şəhərinin Hacıkənd qəsəbəsi ərazisində II Milli Yaylaq Festivalı keçirilib.
Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, iyulun 30-da ölkəmizin müxtəlif media orqanları nümayəndələrinin Hacıkənd qəsəbəsinə səfəri təşkil olunub.
Səfərdən dönüş zamanı saat 20 radələrində media nümayəndələrini daşıyan avtobus festival ərazisindən yola düşmüşdür. Təxminən 700 metr məsafə qət olunduqdan sonra güclü yağış yağmağa başlayıb, torpaq yolda yaranmış palçıq nəqliyyat vasitəsinin hərəkətində çətinlik yaradıb. Ərazidə xidmət aparan DİN-in əməkdaşları tərəfindən iritutumlu nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Avtobusda olan media nümayəndələrinin bir qrupu səfərə məsul olan Mədəniyyət Nazirliyinin əməkdaşı və polis əməkdaşlarının təkidlərinə baxmayaraq, nəqliyyat vasitəsini tərk edərək piyada yollarına davam ediblər. Nazirliyin Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov həmin şəxslərin şəxsi avtomobili ilə qarşılanıb müvafiq qaydada yerləşdirilməsini təmin edib.
Avtobusda qalan digər nümayəndələr isə nazirliyin rəsmi şəxslərinin aidiyyəti dövlət orqanları ilə danışıqlarından sonra səhər saatlarında ərazidən təhlükəsiz yerə köçürülüb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun şəxsən iştirakı ilə DYP-nin əməkdaşları tərəfindən yüksək manevr imkanlarına malik nəqliyyat vasitəsilə media mənsubları beş-beş Hacıkənd qəsəbəsinə evakuasiya edilib. Qəsəbədə media nümayəndələrinə Niyazi Bayramov və Gəncə RMİ-nin rəisi Vasif Cənnətov tərəfindən yüksək diqqət göstərilib, mikroavtobusla Bakı şəhərinə yola salınıb.
Mədəniyyət Nazirliyi kəskin hava və çətin relyef şəraiti ilə əlaqədar yaranmış xoşagəlməz vəziyyətə görə media nümayəndələrindən və qonaqlardan qarşılaşdıqları duruma görə təəssüf hissi keçirir və narahatlığa görə üzr istəyir.