İTSDA ən çox xidmət göstərmiş tibb müəssisələrinin onluğunu açıqlayıb
Tarix: 27-07-2022, 17:01 | Çap et


Cari ilin ilk 6 ayı ərzində dövlət tibb müəssisələrinə 2 803 677 şəxs 8 123 770 dəfə müraciət edib.

Bu barədə APA-ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən xəbər verilib.

Bildirilib ki, vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 18 280 623 olub. Tibbi xidmətlərin 83 %-i ambulator, 17 %-i stasionar şəraitdə göstərilib. Pasiyentlərin 31 %-ni uşaqlar, 69 %-ni isə böyüklər təşkil edib.

Pasiyentlərin müraciəti əsasən ümumi tibbi müayinə, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi xəstəlikləri, habelə mamalıq və ginekologiya ilə bağlı olub.

Bu ilin ilk 6 ayı ərzində Bakı şəhəri üzrə dövlət tibb müəssisələrinə 1 144 429 şəxs 3 221 354 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 7 068 108 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 40 %-i və göstərilən tibbi xidmətlərin 39 %-i Bakı şəhərinin payına düşür.

Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu təqdim edirik: Bakı Baş Səhiyyə Mərkəzi, Kliniki Tibbi Mərkəz, Nərimanov Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Binəqədi Tibb Mərkəzi, Xəzər Tibb Mərkəzi, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi.

Bu ilin ilk 6 ayı ərzində Bakı şəhəri istisna olmaqla, 63 şəhər və rayon üzrə dövlət tibb müəssisələrinə 1 777 642 şəxs 4 902 416 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 11 212 515 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 60%-i və göstərilən tibbi xidmətlərin 61 %-i regionların payına düşür.

Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu təqdim edirik: Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Bərdə, Xaçmaz, Yevlax, Quba, Balakən, Abşeron və Qəbələ rayon mərkəzi xəstəxanaları.

2022-ci ilin yanvar-may ayları ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində aparılması mümkün olmayan əməliyyat və xidmətlərlə bağlı özəl tibb müəssisələrinə göndəriş alan edən vətəndaşlar 22 168 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 485-i uşaqlara, 21 683-ü isə böyüklərə göstərilib.

Sözügedən tibbi xidmətlərdən 7 156-nı oftalmoloji əməliyyatlar, 6 306-nı invaziv radiologiya xidmətləri, 5 236-nı ürək-damar cərrahiyyəsi, 959-nu urologiya, 922-ni neyrocərrahiyyə, 278-ni travmatologiya, 221-ni ümumi cərrahiyyə, 131-ni LOR, 54-nü isə ginekologiya və doğuş üzrə aparılan əməliyyatlar təşkil edib. Digər sahələr üzrə icra olunan əməliyyatların sayı isə 283-dür. İcra olunan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayı isə müvafiq olaraq 65 və 557 olmuşdur. Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net