Məlum olduğu kimi, aprelin 30-da Bakı şəhərinin Nəsimi, Nərimanov rayonlarında, Naxçıvan MR-də, Bərdə, Cəlilabad (II hissə), Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qazax, Lerik, Sabirabad, Xaçmaz (II hissə) rayonlarında, Şəki şəhərində, mayın 1-də isə Bakı şəhərinin Suraxanı, Nizami, Pirallahı rayonlarında, Ağstafa, Kürdəmir, Qəbələ, Quba (II hissə), Masallı (II hissə), Salyan, Samux, Yardımlı rayonlarında, Yevlax şəhərində, eləcə də xüsusi ümumtəhsil müəssisələrində (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov adasında yerləşən məktəb) və tədrisi ingilis, fransız dillərində aparılan məktəblərin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.
Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.