“70-75 faiz buğda idxal olunur, əhalini çətin günlər gözləyir” - İNCƏLƏMƏ...
Tarix: 14-04-2022, 10:28 | Çap et
“70-75 faiz buğda idxal olunur, əhalini çətin günlər gözləyir” - İNCƏLƏMƏ...

Azərbaycan ərzaqlıq buğda ilə özünü 25 faiz təmin edir.

Ümumi taxıl istehsalı isə ölkə tələbatının 60 faizini təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə belə deyib.

O, ölkədə ərzaqlıq buğdanın istehsalının artırılmasının vacib olduğunu bildirib:

“Biz özümüzü ərzaqlıq buğda ilə 70-75 faiz təmin etməyə nail olmalıyıq. Azərbaycanda bu potensial, imkan var. Həm azad edilmiş torpaqlarda, həm də ölkənin digər ərazilərində”.

Prezident onu da qeyd edib ki, həm bu il, həm də gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Bu sahənin inkişafı üçün sahibkarlara güzəştli kreditlər verilməlidir:

“Çünki buğda əsas ərzaq məhsuludur. Həm coğrafi yerimiz, iqlimimiz, həm də bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü buğda ilə yüz faiz təmin edə bilək. Lakin yenə də çalışmalıyıq”.

İlham Əliyev azad edilmiş ərazilərdəki əkin işlərindən də danışıb.

Deyib ki, hazırda o ərazilərdə ikinci dəfə əkin işi aparılır. Bu il 50 min hektarda yaxın ərazidə əkin aparılacaq: “Bu, çox yaxşı nəticədir. Həm azad edilmiş torpaqlarda, həm də bütün başqa yerlərdə məhsuldarlığı artıra biləcək tədbirlərə əlavə vəsait ayrılmalıdır. İlk növbədə, suvarma, suvarma sistemləri, gübrələr və digər məsələlər öz həllini tapmalıdır”.

“Uzun illərdir deyilir ki, Azərbaycan ərzaq buğdasına olan tələbatının 70 faizdən çoxunu idxal edir. İlham Əliyev və onun Kənd Təsərrüfatı Nazirliyinə gətirdiyi qeyri-peşəkarlar isə əksini deyirdilər”, – kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli belə deyir.

O bildirib ki, artıq ölkə başçısı da bunu etiraf edir:

“İndi İlham Əliyev etiraf etməli oldu ki, ərzaq buğdası ilə özümüzü cəmi 25 faiz təmin edə bilirik”.

Ekspert deyir ki, ölkənin 70-75 faizi buğda idxaldan asılı vəziyyətə salınıb:

“Şəkərə, bitki yağına, çaya olan tələbatın isə 90 faizdən çoxu idxaldan asılıdır. Ət, süd məhsullarına olan tələbatımızda da idxaldan asılılıq artmaqda davam edir. Bu gedişlə ölkə əhalisini çox çətin günlər gözləyir”.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən il Azərbaycanda toplamda 1 milyon 885 min ton buğda yetişdirilib.

Ölkəyə gətirilən buğdanın həcmi isə 1 milyon 148 min ton olub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
09-08-2022 12:22
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net