Qarabağa səfər edə bilərik, amma biz hələ bəzi məsələləri öyrənməliyik.
Bunu APA-ya açıqlamasında İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru Katrin Bomberger deyib.
O bildirib ki, bu gün protokol imzalanıb və itkin düşmüş şəxslərin yerlərinin müəyyən edilməsi istiqamətində Azərbaycana yardım göstərməyə çalışırlar: “Bir neçə məsələ var ki, biz onları tam dərindən öyrənməliyik və necə yardım göstərməyi müəyyən edəndən sonra müəyyən işləri həyata keçirməliyik. Təbii ki, bizə hansısa istiqamətdə müraciət olunsa, biz həmin istiqamətdə də əməkdaşlıq etməyə hazırıq”.
Baş direktor nəzərə çatdırıb ki, Beynəlxalq Komissiya I Qarabağ müharibəsində itkin düşən şəxslərin məzar yerləri barədə məlumatın Azərbaycana verilməsi üçün Ermənistana müraciət edə bilər: “Biz beynəlxalq təşkilat olaraq dünyanın başqa yerlərində də belə addımlar atmışıq. Biz eyni zamanda, komissiya olaraq ölkələrə təzyiq göstərə və tövsiyələr verə bilərik ki, həmin məlumatları təqdim etsinlər”.
Katrin Bomberger ilkin mərhələdə Azərbaycanda görəcəkləri işlərə də aydınlıq gətirib: “İlkin mərhələdə Azərbaycan tərəfinin həyata keçirdiyi texniki tədbirləri araşdıracağıq. Eyni zamanda, Ermənistan tərəfdə də həmin istiqamətdə addımlar atılacaq. Daha sonra bu istiqamətdə hansı işlərin görülə biləcəyi müəyyənləşdiriləcək”.