Ali məktəblərə qəbula dair “qırmızı xətt” müəyyənləşir
Tarix: 17-03-2022, 14:09 | Çap et
Ali məktəblərə qəbula dair “qırmızı xətt” müəyyənləşir

“Ali təhsil haqqında” yeni qanunda ali məktəblərə qəbul və ali təhsilə əlçatanlıqla bağlı yeniliklər olacaq.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, qəbul qaydalarında artıq xeyli təkmilləşmə var: “Bu təkmilləşmələr Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir və bu təkmilləşmələrin, dəyişikliklərin davam etdirilməsi daha məqsədəuyğundur. Ali məktəblərə qəbulla bağlı qurulmuş mexanizmdə tam obyektivlik təmin edilir, ali təhsilə əlçatanlığı genişləndirmək üçün xeyli işlər də görülüb. Ali təhsilə əlçatanlıq “Ali təhsil haqqında” yeni qanunla daha da genişləndiriləcək”.

B. Əliyev diqqətə çatdırıb ki, yeni ixtisasların yaradılması da qanun layihəsində “qırmızı xət”lə keçir: “Çox təəssüf ki, bu gün köhnə təhsil proqramları üzrə qəbullar da keçirilir, bu, Dövlət İmtahan Mərkəzinin işi və problemidir. Artıq müvafiq dövlət qurumları və sifarişçilər işəgötürənlərlə birlikdə zamanın tələbinə və əmək bazarına uyğun yeni təhsil proqramları hazırlamalıdırlar. Çünki ali təhsil sahəsini bitirən hansısa sahədə çalışmalıdır. İşəgötürənin ehtiyacı olmayan kadrın hazırlanması heç kimə lazım deyil. Ona görə də bu, qanunda “qırmızı xət”lə keçir və konkret olaraq dövlətin vəzifələri hissəsində əksini tapıb. Hətta ali məktəblərin səlahiyyətləri və vəzifələri məsələsində də bu, xüsusi qeyd edilib. Beynəlxalq təcrübəyə əsaslanan meyarlar da qanun layihəsində müəyyənləşdirilib. Yeni qanun layihəsi ali təhsil sahəsində köklü dəyişikliklərə səbəb olan islahatların hüquqi bazasını təşkil edəcək”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net