"Çinici" mağazası müştərilərə kələk gəlir - Şikayət
Tarix: 21-10-2015, 10:04 |
Çap et
“Çinici” geyim mağazalarından kütləvi şəkildə narazılıq var. Bakıda filialları olan brend mallar dükanından alıcılar şikayət edirlər. Onlar bildirirlər ki, istehlakçı hüquqları total şəkildə pozulur.
TİA.AZ-ın məlumatına görə, “Facebook” istifadəçisi Cavid Novruzov öz səhifəsində sözügedən mağazada başına gələnlərdən yazıb. Gəncin sözlərinə görə, bu ilin əvvəlində “Çinici” mağazasından 80 manata ayaqqabı alıb. Amma çox çəkmir ki, aldığı məhsul bərbad günə düşür.
Şikayətçi xatırladır ki, aldığı zaman mağaza əməkdaşları bu malı tərifləyib və keyfiyyətinə zəmanət verib. Amma bir ay sonra ayaqqabı 80 manat yox, 10 manata alınmış mal kimi keyfiyyətsiz olur. Bu da azmış kimi, C.Novruzov yay aylarında mağazadan köynək alıb.
Həmin ərəfədə 30-40 faiz endirimdə olan köynək 140 manatdan 100 manata başa gəlib. Satıcılar müştərini əmin ediblər ki, olduqca keyfiyyətli məhsuldur və heç bir problem yoxdur. Hətta qışda aldığı ayaqqabı ilə bağlı iradını bildirəndə ona deyilib ki, ən aşağı səviyyəli mal imiş. Halbuki alanda satıcılar belə söyləməyiblər, tərifləyiblər.
Amma bir həftə sonra müştərinin 100 manata aldığı köynək də yararsız çıxır. Məhsulun rəngi bozarıb, ilk yumadan sonra parçası bərbad hala düşüb. Onu da deyək ki, həmin köynək ardınca 50, daha sonra 70 faiz endirimlə 50 manata satılıb. Daha doğrusu, sırınıb.
C.Novruzov çağırış edib ki, “Çinici” mağazasının malları baha və keyfiyyətsizdir. TİA.AZ-a gələn digər şikayətlərdə də bu mağazanın məhsullarından narazılıq edilir. Həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə bu brend firma ilə bağlı müraciət ediləcəyi vurğulanıb.