Xaləddin İsgəndərovun lifti də düz-əməlli işləmir - NARAZILIQ
Tarix: 8-10-2015, 09:25 | Çap et
Xaləddin İsgəndərovun lifti də düz-əməlli işləmir - NARAZILIQ
Bakı şəhərinin sosial problemlərindən biri də Sövet dövründə tikilən binalarda liftlərin işləməməsidir. Ölkə başçısı İlham Əliyevin 2013-cü ildə paytaxtda binaların liftlərinin möhkəmləndirilməsi ilə bağlı 7 milyon vəsait ayırması da bu problemin həllinə müsbət təkan verməyib.
Nəticədə isə şəhər sakinləri Bakı Lift Təmir İstehsalat Birliyi ilə ərazi üzrə Mənzil Kommunal Təsərrüfat Birliklərinin ötür-ötür oyunlarını kənardan seyr etməli olurlar. Binəqədi qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi 46, keçmiş 33A ünvanında bir bloklu 12 mərtəbəli binanın sakinlərindən gəlib. Narazılığa səbəb isə 10 ildir binanın liftinin işləməməsidir.
Nəzərinizə çatdıraq ki, binada yaşayan ziyalı insanlar indi ömürlərinin ahıl çağını yaşayırlar. Demək olar ki, hər birində ya peşəsinin çətinliyindən, ya da digər səbəblərdən qazandıqları müxtəlif xəstəliklər mövcuddur. Binanın sədri Tünzalə Mürsəlova bildirir ki, lift dərdini demədiyi, qapısını döymədiyi ünvan qalmayıb. Dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətində, icra başçısının, müavinlərinin qəbulunda olub, məsələ ilə bağlı icra başçısının özünə belə şəxsən məlumat verib. Bu ilin əvvəlində icra hakimiyyətindən bildiriblər ki, Lift idarəsinə məsələ ilə əlaqədar məktub göndərilib. Fevral ayının 15-də məktuba cavab olaraq Bakı Lift Təmir İstehsalat Birliyinin nümayəndəsi həmin binada olub, liftlərin vəziyyətinə baxış keçirib. Təəssüflər olsun ki, birliyin nümayəndəsi də o gedən- gedib, sakinlərin lift dərdinin çarəsi yenə də tapılmayıb.
Altıncı mərtəbənin sakini Rəfiqə Nuray xanım da lift problemindən dad çəkir: “Həyatımı Azərbaycan kinosuna, mədəniyyətinə, incəsənətinə sərf edənlərdən, bu müstəqil dövlətin qurulmasında zəhməti olanlardan biriyəm. Qaranlıq dublyaj, montaj otaqlarında gözümün nuru getdi. İndi dörd divara və qara eynəyə möhtac qalmışam. Gözüm görmür ki, arada həyətə düşəm. Düzdür, anlayırıq ki, lift də dəmirdi və xarab olması da başa düşüləndir. Ancaq aidiyyati qurumların da bizi anlamasını tələb edirik. Liftin belə tez-tez dayanması həm səhhətimizə, həm də əsəb sistemimizə pis təsir edir”.
Binanın 12-ci mərtəbə sakini bildirir ki, bu yaxınlarda həyat yoldaşı Murad Camalov ard-arda neçə dəfə liftdə qalıb: “Həyat yoldaşım şəkər xəstəsidir. Neçə dəfələrlə liftdə qalıb, xəbər tutmamışıq. Neçə saatdan sonra vəziyyəti pisləşmiş halda zorla lifdən çıxarıblar. İndi lift işləsə belə qorxumuzdan liftə minmərik. Çünki həyatımızın təhlükədə olmadığına heç kim təminat vermir”.
Bakı Lift Təmir İstehsalat Birliyindən bildirilib ki, yazıçı və şairlərin yaşadığı həmin bina onların balansındadır: “Məsələdən xəbərdarıq, lift istismar müddətini başa vurmayıb, ancaq təmirə ehtiyacı var. İndi liftin mühərriki yanıb sırıadan çıxıb. Bununla bağlı isə heç bir məsuliyyət daşımırıq. Liftin mühərrikinin yanması işıq idarəsinin günahıdır, naqillərdəki qısaqapanma vəziyyəti aradan qaldırılmadığından liftin mühərriki tez-tez yanır. Birliyimizin büdcəsində isə liftləri təmir etmək üçün vəsait yoxdur. Şəhərdə hər gün onlarla lift xarab olur, onların hər birini pulsuz düzəltməli olsaq, o zaman idarəmiz çökər. Liftin düzəlməsi üçün bina sakinləri 151 manat ödəməlidir. Vəsait ödənilən vaxtdan üç gün ərzində lift təmir edilib işlək vəziyyətə gətiriləcək”.
Ancaq birlik nümayəndələri deyəsən, unudurlar ki, sovet dövründə quraşdırılmış liftlərin istifadəyə yararlılıq müddəti 25 ildir. Həmin binanın 1989-cu ildə istifadəyə verildiyini nəzərə aldıqda isə buradan belə nəticə çıxır ki, artıq bir ildir həmin binanın lifti öz ömrünü başa vurub. Görünən odur ki, Bakı Lift Təmir İstehsalat Birliyi ölkə vətəndaşlarının problemi ilə maraqlanmaq, ən əsası da vəzifə borclarını yerinə yetirmək fikrində deyillər.
Vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net