Samir Şərifovla bəzi oliqarxlar arasında "soyuq savaş"
Tarix: 5-10-2015, 09:12 |
Çap et
Maliyyə naziri Samir Şərifovla bəzi məmur-oliqarxlar arasında ciddi fikir ayrılığı yaranıb. Buna səbəb Şərifovun büdcədən maliyyələşən bir çox iri layihələrin icrasının təxirə salınması tərəfdarı kimi çıxış etməsidir.
Unutmaq olmaz ki, belə bahalı layihələr əksərən hansısa oliqarx-məmurun nəzarətindəki şirkətlərin iştirakı ilə həyata keçirilir. Və ya hansısa nazir onun tabeliyindəki sahəyə aid iri layihənin icrasından külli miqdarda vəsait qazanmaq fürsəti əldə edir.
Bu mənada Azərbaycanda neft hasilatının aşağı düşməsi, neft qiymətlərinin isə ucuzlaşması fonunda büdcə gəlirlərinin ciddi şəkildə azalması son nəticədə oliqarx-məmurların mənafelərinə önəmli təhlükə yaradıb. Mövcud situasiyanın iri və kifayət qədər yüksək məbləğdə pullarla ifadə olunan bir sıra dövlət investisiya layihələrinin reallaşmasına imkan verməməsi müəyyən iri məmurların fantastik şəkildə gəlir əldə etməsini önləyir.
Gələn məlumatlar bu yöndədir ki, hazırda hökumət daxilində bəzi iri layihələrin icrasının ertələnməsini istəyən ən önəmli fiqur məhz maliyyə naziri Samir Şərifovdur. Şərifov hələ bu ilin aprelində mətbuata açıqlamasında bəyan edib ki, dünya bazarında neft dövlət büdcəsində nəzərdə tutulandan ucuz satıldığı üçün Azərbaycan hökuməti bəzi investisiya layihələrini bu ildən yox, gələn ildən həyata keçirəcək. Onun sözlərinə görə, bir sıra yol, su-kanalizasiya layihələrinin icrası təxirə salınacaq. Amma sosial layihələr icra olunacaq: "Keçən ilin büdcəsində bizim ehtiyatlarımız çox idi, ondan bu il istifadə edəcəyik. Builki 250 milyonluq kəsiri keçən ildən qalan qalıqla örtəcəyik".
Hökumətin neftin büdcə qiymətinə yenidən baxacağını deyən Samir Şərifov əmtəə birjalarında "qara qızıl"ın ucuzlaşmasını da şərh edib: "Dünya bazarında neft təklifi neftə olan tələbatı üstələyib. Əvvəlki illərdə neftin qiyməti yüksək olduğu üçün, neft istehsalında daha çox maraqlı təşkilatlar yaranıb. Hansı ki, əvvəllər bunu əlverişli hesab etmirdilər. Digər tərəfdən yeni texnologiyalar ərsəyə gəlib ki, neft istehsalını artırıb. Digər tərəfdən ABŞ və Avropa ölkələrində aşağı faiz dərəcələri mövcud olub. Faktiki olaraq pulları demək olar ki, faizsiz verirdilər. Ona görə də bu pulları alıb neft sektoruna yatıranlar çoxaldı. ABŞ-da neft hasilatı xeyli artdı. Beləliklə təklif artdı, digər tərəfdən isə tələb azaldı. Bundan başqa, filiz alışı azaldığından onun da qiyməti kəskin enib ki, bu neftin qiymətinə təsir göstərir. Neftin istehsalı ucuz başa gələn ölkələr də çalışırlar ki, neft istehsalının maya dəyəri yüksək olan ölkələr bazardan çıxsınlar. Bunun üçün biz neftin büdcə qiymətinə yenidən baxacağıq".
Xatırladaq ki, hökumət gələn ilin büdcəsində neftin qiymətini indikindən az qala iki dəfə az - 50 dollardan (hazırda bu məbləğ 90 dollardır) hesablayacağını açıqlayıb. Məlum deyil ki, bu kəskin azalma fonunda təxirə salınan layihələrin reallaşması necə mümkün olacaq. Bir o bəllidir ki, maliyyə nazirinin artıq bu ildən büdcə qaynaqlı iri projelərin icrasının dayandırılmasının tərəfdarı kimi çıxış etməsi onu yaranmış vəziyyətdə mühüm gəlirlərdən məhrum olan bəzi məmur-oliqarxların gizli hədəfinə çevirib. Onlar nəzarətlərindəki holdinqlərə daxil olan şirkətlərin bir çoxunun büdcədən maliyyələşən layihələrin dondurulması ilə bağlı çətin durumda qalmasına, və ya belə layihələrin yaxın gələcəkdə ertələnməsi riskinin artması qarşısında holdinqlərinin ciddi gəlirlərlərdən məhrum olması təhlükəsinə görə maliyyə nazirindən narazılıq edirlər.
Bir sözlə, hazırda bir çox məmur-oliqarxla Samir Şərifov arasında gizli ixtilaf mövcuddur. Onların bu "soyuq savaş"ının necə nəticələnəcəyini isə zaman göstərəcək.