Deputat Araz Əzimovun nazir olmaq ehtimalından danışdı
Tarix: 2-10-2015, 10:24 | Çap et
Deputat Araz Əzimovun nazir olmaq ehtimalından danışdı
Son zamanlar ölkə gündəmində ən çox müzakirə olunan məsələlərdən biri Xarici İşlər Nazirliyində baş verən hadisələrdir. Bir neçə diplomatın “qiyam” qaldırması hakimiyyəti də ciddi şəkildə narahat edir.

Bunun da nəticəsi olaraq XİN-in fəaliyyətində son zamanlar müşahidə olunan nöqsanlar Milli Məclisdə də müzakirəyə çıxarıldı. Artıq nöqsanlara yol verən diplomatlara qarşı cəzalar sərtləşdirilir. Bu, Milli Məclisin sentyabrın 30-da keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” Qanuna edilən dəyişikliklərdə öz əksini tapıb.

Parlamentə prezident tərəfindən təqdim olunan qanun layihəsində qeyd olunub ki, “Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə” diplomatik əməkdaşların rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər.

Nöqsanlara yol verən diplomatların cəzalandırılması ilə yanaşı parlament seçkilərindən sonra XİN-də ciddi kadr dəyişikliklərinin də olacağı gözlənilir. “Yeni Müsavat” qəzetinin hakimiyyətdəki mənbələrdən əldə etdiyi məlumata görə, E.Məmmədyarovla bağlı qəti qərar artıq verilib. Məlumatlı mənbə iddia edir ki, xarici işlər naziri kimi daha çox hazırda xarici işlər nazirinin müavini vəzifəsini daşıyan Araz Əzimovun namizədliyi üzərində dayanılıb.

Milli Məclisin iclasında XİN-də baş verən hadisələrin müzakirəsi zamanı mövqeyini açıq şəkildə ortaya qoyan deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında Elmar Məmmədyarovun vəzifədən çıxarılacağı ilə bağlı məlumatlara münasibət bildirib: “Ötən illər ərzində Azərbaycan beynəlxalq məkanda öz əlaqələrini möhkəmləndirib. Diplomatik korpusların sayı qat-qat artıb. Bu, sadəcə, o məkanda ərazi qazanmaq və onu Azərbaycanın tərkib hissəsinə çevirmək deyil. Bilirsiniz ki, diplomatik konvesiyaların tələbinə görə o ərazi həmin ölkəyə mənsub olan məkan sayılır.

XİN-in ayrı-ayrı təmsilçilərinə bağlı müxtəlif problemlərin meydana çıxması fonunda mediada daha çox gündəmə gətirilir ki, gələcək dövr üçün ölkə rəhbəri özünün idarəetmə komandasında yeniləşmələr edərkən bunu xarici işlər nazirinə də şamil edəcəkmi?

Bu suala əlbəttə ki, parlament üzvünün cavab verməsi çox çətin olar. Çünki bu, birbaşa bizim səlahiyyətlərə aid deyil. Amma heç şübhəsiz ki, biz hamımız onun marağındayıq ki, Azərbaycanın bütün diplomatları peşəkar olsunlar, orada daha şəffaf münasibətlər olsun, öz funksiyalarını dəqiqliklə yerinə yetirsin, məlumatların işlənməsi və dövlətlərarası əlaqələrə təsir göstərmək baxımından çox təşəbbüskar mövqe tutsunlar və Azərbaycanın xarici məkandakı təhlükəsizliyini uğurla yerinə yetirsinlər. Tələb ümumən nəzəri olaraq belədir. Elmar Məmmədyarovun fəaliyyəti barədə deyilən neqativ fikirləri bölüşmürəm. Çünki bu illər ərzində bir az da fəaliyyətin məxfi xarakter daşıdığına görə hər bir addımı cəmiyyətə təqdim etmək imkanı olmadığından, bir sıra hallarda mənfi fikirlər də meydana çıxmış olur. Mən bu mövqedəyəm ki, kəşfiyyat orqanlarının missiyasına bənzər diplomatların da üzərində çox ciddi tələblər daşınır. Diplomatlarla bağlı tələblərimiz nazirliyə qarşı ittiham, nazirin özünün fəaliyyətinin təftişi deyil. Elmar Məmmədyarovun gələcək fəaliyyəti, diplomatik korpusun rəhbəri kimi qalıb-qalmaması cənab prezidentin iradəsi altındadır".

Araz Əzimovun XİN rəhbərliyinə gətirilməsinə də münasibət bildirən Z.Oruc nazir müavininin fəaliyyətini yüksək qiymətləndirib. Deputat prezidentin Araz Əzimova etimad göstərdiyini qeyd edib: “Bu iki şəxsin müqayisəsində üstünlüyün digərinə verilməsi anlamında və yaxud gələcək kadr təyinatının idealojisi və siyasi fikir məkanı hazırlamağa zəmin yaratmağa yönəldilmiş məsələ deyil, amma daha sadə dillə desəm, Araz Əzimov kifayət qədər peşəkar diplomatdır. Həddindən artıq yüksək işgüzarlıq qabiliyyətinə malikdir. Dövlətin məxfi həyatı ilə bağlı məlumatlarla işləməyi bacaran adamdır. Eyni zamanda onun kurasiyasında olan şəxslər həmişə hazırlıqlı olublar, düzgün seçiliblər, şəffaflıq mövcud olub. Araz Əzimovun mediaya açıqlığı çox önəmlidir, milli bir şəxsdir. Və eyni zamanda dövlət başçısı da hər zaman ona etimad göstərib. Amma Araz Əzimovun xarici işlər naziri olub-olmayacağı məsələsi cənab prezidentin səlahiyyətindədir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net