“Asi diplomatlar” cinayətdə suçlana bilərlər
Tarix: 16-09-2015, 10:17 | Çap et
“Asi diplomatlar” cinayətdə suçlana bilərlər
Xarici İşlər Nazirliyi “diplomat qiyamı” ilə çalxalanır. Son 4 ayda qurumun daxilində yaşanan xoşagəlməz hadisələr səngimək bilmir. İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında artıq sabiq hesab edilən daimi nümayəndəsi Arif Məmmədovla başlayan məlum proseslər Avstraliyadakı səfirliyimizin əməkdaşı Anar Həsənovun XİN əleyhinə açıqlamaları ilə davam etdirildi.

A.Həsənov XİN sistemindəki qanunsuzluqlar və korrupsiya faktları ilə bağlı açıqlama verərək, Azərbaycana qayıdarsa, həbs olunacağını bildirdi. Buna görə də o, Avstraliyada qalmağa üstünlük verdiyini açıqladı. Azərbaycanın Niderlanddakı səfirliyinin konsulluq əməkdaşı Nahid Cəfərovun da Azərbaycana qayıtmaqdan imtina etməsi və Niderlanddan siyasi sığınacaq istəməsi barədə məlumat yayılıb.

Maraqlıdır, XİN-ə qarşı çıxan diplomatlara “dövlətə xəyanət” maddəsi irəli sürülə bilərmi?

İqtidaryönlü şəxslərin açıqlamalarından artıq bu əlamətlər sezilir.

Politoloq Qabil Hüseynli bu maddənin “qiyamçı diplomatlar”a qarşı irəli sürülməsinin mümkünsüz olduğunu söylədi: “Arif Məmmədov haqqında bunu deyə bilmərəm. Çünki o, indiyə qədər dövlət əleyhinə kifayət qədər bəyanatlar yayıb, ağır ittihamlar səsləndirib. Başqaları haqqında çətin ki, hər hansı bir cinayət maddəsi ilə ittiham irəli sürülsün. Çünki onların əməllərində cinayət tərkibi yoxdur. Düzdür, Avstraliyadakı əməkdaş barədə XİN-in açıqlamasında göstərilir ki, dəfələrlə səhlənkarlığa yol verib. Hətta Rumıniyada işləyərkən, diplomat adını ləkələyən işlər etdiyi bildirilir. Bu da hələ cinayət demək deyil. Bu şəxslərin vətənə dönərkən, dövlətə xəyanətdə suçlanacaqları fikri yanlışdır. Sadəcə olaraq, diplomatik fəaliyyətdə yararsızlıq maddəsi irəli sürülə bilər. Bu da XİN-in daxili əsasnaməsində öz əksini tapıb”.

Hüquqşünas Müzəffər Baxış hesab edir ki, diplomatların hərəkətlərində heç bir cinayət məsuliyyəti yoxdur: “Diplomatların bəyanatlarının tam həqiqətə söykəndiyini düşünürəm. Xüsusilə Avstraliyadakı səfirliyin əməkdaşı Anar Həsənovun bəyanatı tam həqiqətə söykənir. Həqiqətən də bütün dövlət orqanlarında dövlət əmlakının mənimsənilməsi halları var. Bu, diplomatik korpusa da sirayət edir. Tam məsuliyyətlə deyirəm ki, Anar Həsənovun adını çəkdiyi Rövşən Cəmşidov həqiqətən katibə vəzifəsi açdıraraq, 2700 ABŞ dolları hər ay mənimsəyir. Belə bir katibə varsa, adını açıqlasınlar. Bunu etmirlər. Sadəcə, deyirlər ki, diplomatik etikaya sığmır. Həqiqəti demək nə zamandan etik deyil? Həqiqəti söyləyən şəxs barədə heç bir cinayət məsuliyyəti yoxdur. Məsuliyyət başqa məsələlərdə nəzərdə tutulur. Hər hansı bir şəxs, işlədiyi yerdəki qanunsuzluqları göstərirsə, əslində qalsa, Azərbaycan dövlətinə və hakimiyyətinə xidmət edir. Hakimiyyətin vəzifəsi qanunsuzluqlarla məşğul olanları cəzalandırmaqdır”.

Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə bu şəxslər barədə cinayət işi açıldığını qeyd etdi: “Dövlət artıq komissiya göndərib. Birini oğru elan ediblər, birinin kassanı yardığını deyirlər. Arif Məmmədov haqqında tədqiqat aparıblar. Onun pul yeyintisi etdiyini bildirirlər. Bunlar üçün artıq hər şey mümkündür. Normal dövlət olsaydı, normal komissiya yaradılardı. Ədalət zəfər çalardı. Obyektiv komissiya lazımdır. Amma bu yoxdur. Düzgün insanlardan təşkil olunmuş komissiya yaradılmalıdır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net