Bahalaşma Şeyxi “vurdu”, zəvvarlar üçün kvota dolmayıb
Tarix: 30-07-2015, 09:57 |
Çap et
Bu il Həcc ziyarəti sentyabr ayında baş tutacaq. Həcc mərasiminin əsas ayini olan və müsəlmanların əsas bayramı olan Qurban bayramı sentyabrın 24-də qeyd olunacaq. Sentyabrın əvvəlində isə Azərbaycandan zəvvar qrupları Ərəbistana yola düşəcək.
Qeyd edək ki, Azərbaycanda hər il olduğu kimi, Həcc ziyarətinə sənəd qəbulu QMİ tərəfindən ilin əvvəlindən başlayıb. İdarədən verilən məlumata görə, bu il Həcc ziyarətinə gedəcək zəvvarlarla QMİ arasında müqavilə imzalanacaq və xidmət haqqı zəvvarın özü, yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən, QMİ-nin Azərbaycan Beynəlxalq Bankının “Mərkəz” filialındakı (Ünvan: AZ1005, Bakı, Səbail, Hacı Zeynalabdin Tağıyev, 3) manat hesabına ödənilir.
Ancaq bu il ziyarət qiymətləri ilin əvvəlində baş verən devalvasiya səbəbindən bahalaşıb. Belə ki, xidmət və keyfiyyət fərqlərinə əsasən zəvvarlara, hər il olduğu kimi, iki Həcc tarifi təklif olunur. Nisbətən aşağı keyfiyyətli və hotel nömrəsində çox adamın qaldığı zəvvar paketi 4700 ABŞ dolları və nisbətən yüksək keyfiyyətli (VİP) xidmətlərə görə 5750 ABŞ dolları nəzərdə tutulub.
Bu isə ötən illə müqayisədə xeyli bahadır. Xatırladaq ki, son iki ildə Azərbaycanda Həcc qiymətləri sabit olub. Yəni nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalmaq istəyən zəvvarlar 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar isə 4100 manat ödəməli olublar. Bu il isə qiymətlər 35 faiz civarında, yəni devalvasiya kursuna uyğun olaraq qaldırılıb. Həcc ziyarəti VİP xidmətlərlə 5750, adi xidmətlərlə isə 4700 dollar olub. Yəni bu il əvvəlki illərlə müqayisədə adi xidmətlərlə Həcc ziyarətinə gedənlər təxminən 1500, VİP xidmətlərlə gedənlər isə 1700 manat əlavə pul ödəməli olacaqlar.
Doğrudur, ilk vaxtlarda QMİ bu bahalaşmanı devalvasiya və xaricdəki şirkətlərə ödəmələrlə əsaslandırmağa çalışdı. Yəni idarə ziyarətin təşkili ilə bağlı xarici şirkətlərə ödənişi dollarla həyata keçirdiyi üçün qiymətləri qaldırmaq məcburiyyətində olduğunu əsaslandırmağa çalışdı. Ancaq Azərbaycanda Həcc qiymətlərinin digər ölkələrlə müqayisədə baha olduğu hər kəsə məlumdur. Bu mənada bahalığın “əsaslandırılması” çox adamı qane etmədi.
Ancaq indi məlum olur ki, bahalaşma daha ciddi fəsada səbəb olub.
Aldığımız məlumata əsasən, bu il Həcc ziyarəti kvotası dolmayıb. Həcc ziyarətinin başlamasına 1 aydan bir qədər az vaxt qalmasına baxmayaraq, QMİ-nin kvotası hələ də dolmayıb. Hər kəsə aydındır ki, kvotanın dolmaması bahalaşma ilə bağlıdır. Çünki mətbuatdan da məlumdur ki, hər il yayın əvvəlində artıq kvota dolurdu, hətta ötən il QMİ müraciət edənlərin bir qisminin növbəti il ziyarətə göndəriləcəyini bəyan etmişdi. Hətta 2009-cu ildə məlum kvota azaldılmasından sonra QMİ-yə 2 min yer verilsə də, sonrakı illərdə məhz müraciətlərin çoxluğu ucbatından kvota 3 minə, son iki ildə isə 3600 nəfərə və hətta daha artırılmışdı.
İndi isə vəziyyət dəyişib, ziyarətə 1 aydan bir qədər artıq vaxt qalmasına baxmayaraq yerlər tam dolmayıb. Görünən odur ki. devalvasiya ilə əhalinin gəlirlərinin aşağı düşməsi və QMİ-nin qiymətləri birdən-birə 35 faiz həddində qaldırması bir çox müsəlmanların ziyarət arzularının üstündən xətt çəkib. Yeri gəlmişkən, Azərbaycanda bir çox imkanlı adamlar Həcc ziyarətinə imkansız insanları göndərirlər. Belə görünür, bu cür aksiyalar da azalıb.
Əldə etdiyimiz məlumata görə, qiymətlərin bu qədər bahalaşması və yerlərin boş qalması QMİ-də də narahatlıq yaradıb, qiymətlərin bu qədər artırılmasının ziyanlı addım olduğunu düşünürlər.
Maraqlıdır ki, bu il Şeyx Həcc ziyarəti ilə bağlı bir sıra müsbət addımlar atıb. Onlardan biri də hər il sual doğuran və “Yeni Müsavat” qəzetinin bir neçə dəfə işıqlandırdığı problem zəvvarların miqatda ehram bağlaması mərasimidir. Aldığımız məlumata görə, bu il Həcc ziyarətinin qrafiki dəyişib və zəvvarlar ilk olaraq Mədinə şəhərinə gedəcək, orda müqəddəs məkanları, o cümlədən Peyğəmbər (s.ə.s) məscidini ziyarət etdikdən sonra Məkkəyə - Həcc ziyarətinə yola düşəcəklər. Bu zaman miqat yol üstündə olduğundan zəvvarlar ehramı ənənəyə uyğun şəkildə bağlaya biləcəklər. Həcc ziyarəti bitdikdən sonra zəvvarlar ötən illərdə olduğu kimi Mədinəyə qayıtmayacaq, Məkkədən Ciddə şəhərinə gəlib oradan təyyarə ilə vətənə qayıdacaqlar. Qeyd edək ki, Azərbaycanda 2008-2010-cu illərdə bu cür ziyarət təşkili olub. Eyni zamanda İran və Türkiyənin bir sıra Həcc qrupları məhz bu marşrutdan istifadə edir.