İnternetin Qarabağ xəyanəti !!! Bəs Siz niyə SUSURSUNUZ?
Tarix: 28-07-2015, 11:34 | Çap et
İnternetin Qarabağ xəyanəti !!! Bəs Siz niyə SUSURSUNUZ?
Ötən ilin iyul-avqust aylarında cəbhədəki son gərginlik zamanı bir sıra media, o cümlədən internet resursları hərbi texnikamızın hərəkət trayektoriyası, tankların sayı, nömrələri, bir sözlə hərbi sirr sayılan, dövlətin milli maraqlarına uyğun olmayan materialların yayımladılar. Amma həmin vaxt təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə də internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirdi.

Ötən ilin iyul-avqust ayında olduğu kimi bu ay da bir çox mətbuat orqanlar Gədəbəy cəbhə bölgəsində baş verən məlum hadisədən sonra ermənilərin xeyrinə deszinformasiyaları yaydılar. Erməni KİV-ləri onların yazdıqlarına istinad edərək Azərbaycan əleyhinə bol-bol materiallar verdilər.

Bəs baş redaktorlarımız bu barədə nə düşünür?

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Hazırda sosial media elə bir şəkil alıb ki, buna nəzarət eləmək, hansısa şəkildə müdaxilə eləmək mümkünsüzdür. Hər zaman müəyyən tövsiyə xarakterli fikirlərimizi deyirik. Məlum hadisələrdən sonra Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu yöndə öz tövsiyələrini verdi. Ondan sonra sosial mediada dövlətin təhlükəsizlik məsələsi qabardıldı, müəyyən mənada nizam-intizam yarandı. Sosial media nəzarətsiz məkandır. Hər bir insan ora müdaxilə edir. Sosial mediadan və informasiyanın tərzindən düzgün istifadə olunması hər bir vətəndaşın məsuliyyət məsələsidir. Yəni məsuliyyət hissinin zəif olmasının nəticəsidir. Ciddi saytlar informasiyanın ölçülüş qaydasını, ölkənin informasiya təhlükəsizliyini dövlətin təhlükəsizlik sistemin bir tərkib hissəsi olduğunu çox gözəl bilirlər. Çox peşəkarcasına da davranırlar. İndi məsələ bundadır ki, saytlara alternativ sosial media var. Hər bir vətəndaş götürüb nəyisə çəkib yayır. Bəzən də həmin saytlar o hörümçək toruna düşürlər. Onlarda belə yalnışlıqların qurbanı olurlar.

Deməli o saytlar kifayət qədər peşəkar deyillər. İnformasiyanın həm də bir silah olduğunu düşünmək imkanları yoxdur. Qeyri-peşəkar olduqları üçün də belə qeyri-dəqiq informasiyaların yayılmasında maraqlı olurlar. Cəmiyyət bundan çox böyük əziyyət çəkə biləcəyini fikirləşmirlər. Hesab edirəm ki, əsas çıxış yolu vətəndaş məsuliyyətini artırmaq, maarifçilik işinin aparılmasıdır. Maarifçilik işini kifayət qədər ciddi əsaslarla aparılmalıdır. Bu orta məktəblərdən başlanılmalı, Türkiyə təcrübəsini burda tətbiq eləmək lazımdır. Yəni onların içərisində sosial media, ümumiyyətlə informasiya nə deməkdir, dəqiq və qeyri-dəqiq xəbərlərin cəmiyyətə hansı təsirləri var. Bu sahədə orta məktəblərdə uşaqları artıq biz bilgiləndirməliyik. İnformasiyadan düzgün istifadə olunması üçün. Belə ki, hər bir şəxs informasiyanı istehsal edəndə və sosial mediada yayanda o vətəndaş məsuliyyətini dərk etsin”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu: “Yaddan çıxarmaq olmaz ki, müasir dövrdə ön cəbhə anlayışı informasiya cəbhəsi ilə tamamlanır. Yəni bu gün informasiya yumşaq güc kimi o qədər əhəmiyyətlidir ki, onu hərbi-siyasi gücə alternativ kimi görmək olar. Bəlkə bir qədər mübaliğəli oldu. Amma həmkarlarımızın öz məsuliyyətlərini daha dərindən dərk etmələri üçün olduqca lazımlı fikirdir. Doğrudan da Gədəbəy rayonunda bas verən hadisələr zamanı yenə də dezinformasiya obyektiv informasiyanı qabaqladı. Halbuki, ötən ilin avqust ayında təmas xəttində baş verən hadisələrdən sonra həyata keçirilən tədbirlər bizdə belə bir ümid yaratmışdı ki, Azərbaycan mediası bundan sonra oxşar hallarda daha diqqətli, dürüst və daha təmkinli olacaq. Amma təəssüflər olsun ki, bəzi internet resursları eyni səhvi təkrar etdilər. Bele olduqda maraqlı bir sual yaranır. Bunu doğurdanmı biz edirik, yoxsa kimsə şüurlu şəkildə bizim informasiya məkanımıza manupuliyativ informasiyalar oturur. Məncə, hər ikisi mümkündür.

Erməni işğalçılarının Gədəbəyə hücumundan dərhal sonra 40 əsgərimizin mühasirəyə düşdüyü ilə bağlı informasiya yayıldı. Düşünürəm ki, bu informasiya ermənilər tərəfindən bizim informasiya məkanımıza məqsədyönlü şəkildə oturulmuş informasiya idi. Nə üçün ötürüldüyü aydındır. Amma necə ötürüldüyünü bilmirik. Məncə, belə faktlar müvafiq qurumlar tərəfindən ciddi şəkildə araşdırılmalı və ölçü götürülməlidir. Yaxşi ki, Müdafiə Nazirliyinin müvafiq xidməti operativ olaraq həmin informasiyanı təkzib etdi və bu informasiya dövriyyədən çıxdı. Ona görə də media nümayəndələri olduqca həssas və məsuliyyətli olmalıdırlar. Bu hər birimizin vətəndaşlıq və peşəkar borcumuzdur”.

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov: “Azərbaycanda senzura nəzarəti ləğv olunub. Amma eyni zamanda hər bir qəzetin, saytın baş redaktoru o mətbuatda dövlət sirrinin qorunmasına nəzarət edən məsul şəxsdir. Bu cür xəbərlərin yayılmasında iki məqam var. Birincisi bizim səriştəsizlikdən, bilməməzdikdən, sensasiya yaratmaq istəməyimizdən asılıdır. Yəni xəbəri birinci mən tapmışam tez çatdırım oxucuya deyə naşılıqdan belə səhvlərə yol verirlər. Bununla bağlı avqust ayına hörmətli akademik, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev rəhbərliyi ilə müşavirə keçirildi. Orda bu yöndə çox dəyərli istiqamətlər verildi. Müdafiə Nazirliyi hərbi mövzuda yazan jurnalistləri yığıb təlimatlandırdı. Jurnalistlərin özləri bu məsələdə ağıllı vətənpərvər və səriştəli olsunlar. Eyni zamanda hər bir redaktor o informasiyaya görə məsuliyyət daşıdığını unutmasın. Bir sıra saytlar var ki, onlar xaricdən idarə olunur.

Hətta onlara materiallar xaricdə yaşayan “5-ci kalon”un üzvləri verirlər. Belə ki, vətənə dönük çıxıb gedib xaricdə vətəndaşlıq alıb yaşamaq hüququ qazananlar orda yenə də antiazərbaycan şəbəkəsinə qoşulublar. Həm onların əli ilə, həm də ermənilərin maliyyələşdirdiyi saytlar vasitəsilə materiallar qoyulur. Oxucu bilmir ki, bu informasiya Azərbaycandan qoyulub , yoxsa xaricdən. Bax bu cür informasiyaları həmin saytlar qoyur. Onlar inamsızlıq və ajiotaj yaratmaq istəyirlər. Hesab edirəm ki, hər bir jurnalist, xüsusən də cəbhə bölgəsində çalışan müxtəlif saytların, qəzetlərin, televiziyaların müxbirləri bu hadisələrə qarşı dərhal yerlərdən özlərinin reportajlarını və informasiyalarını hazırlayıb verməli. Heç dövlətin, Müdafiə Nazirliyindən və Xarici İşlər Nazirliyindən təkzib gözləmədən deyilənlərin yalan olduğunu sübut etməlidirlər. Vətənini sevən hər bir azərbaycanlı jurnalist özü bu cür təxribatçı saytlara, informasiyalara qarşı öz həqiqətləri və yazıları ilə mübarizə aparmalıdır”.

“Kaspi” qəzetinin baş redaktoru, əməkdar jurnalist İlham Quliyev: “Keçən il cəbhədə vəziyyətin gərginləşdiyi dövrlə müqayisə etsək, bu il vəziyyət o qədər də qorxulu deyil. Ötən bir il ərzində aparılan işlər məncə, effektini verib. Bu il özünü ciddi media hesab edən KİV-lərdən demək olar ki, heç biri problem yarada biləcək xəbərlər yaymadı. Yalnız bir neçə sayt yoxlanmamış xəbərlər yaymaqdan yayına bilmədi. Onlar da ictimai rəyə təsir imkanına malik deyillər. Amma istənilən halda, belə xəbərlərin az sayda, oxucusu az olan saytlarda belə getməsi xoşagələn hal deyil. Belə hallara qarşı müxtəlif istiqamətlərdə iş aparılmalıdır. İlk növbədə maarifləndirmə işi davam etdirilməlidir. Sayt rəhbərlərinə bunun milli təhlükəsizliyimiz, dövlət sirrinin yayılması baxımdan zərəli olduğu izah edilməlidir. İkincisi isə özünü görməzdən gələn saytlara qarşı inzibati resurslar işə salınmalıdır”.

Modern.az saytının baş direktoru Elşad Eyvazlı hesab edir ki, əslində bu cür mətbu orqanlar Vətənə xəyanət edirlər: “Belə sayt rəhbərləri milli düşüncədən, Vətən təəsübkeşliyindən çox-çox uzaqdırlar. Sizə bir məsələni danışacam. Bu yaxınlarda gənc jurnalistlər üçün təlim keçirdim. Mövzu elə bu məsələ ilə bağlı idi. Gənc jurnalistlərdən birinin mövqeyi bilirsiniz necə idi? Dəhşətə gəldim. O, Azərbaycan mediasında ermənilərin düşmən kimi qeyd olunmasının əleyhinə olduğunu dedi. Professionallıq baxımından onun bu fikrini qəbul etmək olardı. Ancaq bunun ardından mənim “Yəqin hər bir azərbaycanlı ailəsi kimi sizin də ailəniz, yaxud, qohumlarınız şəhid verib...” replikama “Allah eləməsin” cavabını verdi. Dəhşətə gəldim. Ona görə qeyd etdiyiniz tipli yazıların Azərbaycan internet məkanında, saytlarında yer almasını təsadüfi saymıram. Adam bu dərəcədə kosmopolit ola bilməz. Bilrisiniz, məsələnin ən maraqlı tərəfi nədir. Azərbaycan cəmiyyəti Qarabağ mövzusuna o qədər həssa yanaşır ki, adi bir fikir onun diqqətindən qaçmır. Məncə ölkə jurnalistləri çox geniş şəkildə bu məsələni müakirə etməlidir. Bu, inzibati metodlarla yanaşı, müzkirə yolu ilə çözüləcək məsələdir. Bütövlükdə cəmiyyət belə neqativ hallara qarşı mübarizə aparmalıdır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net