Məcburi köçkün düşərgələrinin köçürüləcəyi xəbəri əsassız çıxdı
Tarix: 17-07-2015, 10:47 |
Çap et
Bir neçə gündür ki, Bakının Novxanı çimərliyi sahilində, “Sarıqaya” yaşayış massivində, əsasən laçınlı köçkünlərin məskumlaşdığı düşərgələrdən ikisinin – “Günəş” və “Şəfəq” düşərgələrinin köçürülməsi ilə bağlı informasiyalar dolaşmaqdadır. Redaksiyamıza daxil olan məlumata görə, özünü iş adamı kimi təqdim edən bir neçə nəfər əraziyə gələrək məcburi köçkünlərlə danışıqlar aparıb, ərazini alacaqlarını, bu düşərgələrdə məskunlaşan məcburi köçkünləri isə mənzillə təmin edəcəklərini bildirib.
Bütün bu deyilənlərin nə dərəcədə reallığı əks etdirdiyini müəyyənləşdirmək üçün “Hürriyyət” qəzeti və Moderator.az saytı olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovla əlaqə saxladıq.
E.Qədimov sözügedən ərazidə məskunlaşan məcburi köçkünlərin yaxın gələcəkdə köçürülməyəcəyini, belə bir planın hazırda gündəmdə olmadığını vuğuladı:
“Həmin ərazilərin köçürülməsi hazırda gündəmdə deyil. Çünki komitənin balansında hal-hazırda boş mənzil yoxdur. Buna görə də həmin ərazidə məskunlaşan məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsinə gələcəkdə baxılacaq. Onların köçürülməsi indiki halda gündəmdə deyil”.