Azərbaycan turizmi hələ belə fırıldaq görməmişdi...
Tarix: 13-07-2015, 09:43 |
Çap et
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Tovuz rayon sakini, 1960-cı il təvəllüdlü Vəkil Hümbətlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
İstintaq yolu ilə müəyyən edilib ki, Vəkil Hümbətli 24 iyun, 2014-cü ildə Elza Cahangirovaya Çexiyanın Karlovı Varı şəhərində yerləşən turizm mərkəzinə 3 nəfərlik aviabilet və oteldə qalmaq üçün yer sifariş edəcəyini vəd edərək onu aldadıb və 5 min manat pulunu ələ keçirib.
Bundan başqa, o, Aqət Quliyevə Yessentuki şəhərindəki sanatoriyada qalmaq üçün yer sifariş edəcəyini vəd edərək onun 1850 manat, Vaqif Hacıbəylini isə Kislovodsk şəhərindəki "Viktoriya" sanatoriyasına göndərəcəyi vədi ilə aldadaraq 900 manatını ələ keçirib.
15 dekabr, 2014-cü ildə V.Hümbətli barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
İbtidai araşdırma zamanı məlum olub ki, V.Hümbətlinin əməlindən zərər çəkənlərin sayı onlarladır. Müəyyən edilib ki, o, hüquq verən rəsmi sənədləri qanunsuz hazırlayıb və həmin saxta sənədlərdən istifadə edərək zərərçəkmişlərə külli miqdarda ziyan vurub. O, Ədalət Vəliyevi və Aydın Məhərrəmovu Jeleznovodsk şəhərindəki "Telman" sanatoriyasına göndərəcəyi vədi ilə aldadaraq hər birinin 1080 manat, İlqar İmanovun isə 1440 manat pulunu ələ keçirib.
Araşdırmalar zamanı o da məlum olub ki, V.Hümbətli 2012-ci ilin noyabr ayından etibarən fəaliyyətini dayandırmış "Anar-M" firmasının blankını həmin firmanın möhürü ilə təsdiq edərək Yessentuki şəhərində fəaliyyət göstərən "Seçenov" sanatoriyasında müvəqqəti qalmaq və müalicə almaq hüququ verən saxta yollayışlar hazırlayıb. Həmin saxta blankları Allahqulu İsmayılova verərək ailə üzvlərinə 12 nəfərlik yollayış sifariş edəcəyini inandırıb. Bu yolla onun 10795 manat pulunu ələ keçirib.
V.Hümbətli həmçinin Türkiyənin Antalya şəhərindəki "Mirada Delmar" otelində qalmaq və istirahət etmək hüququ verən "Yakut Travel" turizm şirkətinin blankında saxta yollayış hazırlayıb və həmin saxta yollayışlarla insanları öz toruna sala bilib. Zərərçəkmişlərin sayı 38 nəfərdir.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur.
Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində əvvəllər Yessentuki, Kislovodsk, Jeleznovodsk və Minvod şəhərlərində işlədiyini, Bakıya gələndən sonra vətəndaşlara turizm xidməti göstərmək qərarına gəldiyini, bu yolla qazanc əldə etdiyini göstərib: "Qardaşımın təsis etdiyi "Anar-M" firması uzun müddət fəaliyyətsiz qaldığı üçün 2005-ci ildə həmin firmanın VÖEN nömrəsini dəyişdim və turizm fəaliyyəti ilə məşğul olmağa başladım. Qardaşım formal təsisiçi idi, firma ilə maraqlanmırdı. 2012-ci ildə ondan xahiş etdim ki, Vegilər Nazirliyinə müraciət edib firmanın fəaliyyətini dayandırsın. O da belə etdi. Həmin firmanın fəaliyyəti dayandırılandan sonra vətəndaşların müraciəti əsasında onların Stavropol vilayətində yerləşən müxtəlif müalicəvi sanatoriyalara, həmçinin Türkiyəyə və digər ölkələrə istirahətə getmələrini təmin etmişəm. İstirahətə getmək istəyən hər hansı şəxs mənə şifahi müraciət edirdi. Mən də bunu özümdə qeyd edir, həmin sanatoriyaların marketinq şöbələri ilə müqavilə əsasında faktura götürür, yer bron edir və pul ödənişini həyata keçirirdim. Pulları bank vasitəsilə köçürürdüm, nadir hallarda özüm qabaqcadan gedib nağd ödənişlər edirdim.
Ceyhun Səfərovu iki ildir ki, müştəri kimi tanıyıram. O, ötən il Avropa ölkələrinin birinə istirahətə getmək üçün müraciət etmişdi. Başqa şirkətlə danışıq aparıb onun istəyini yerinə yetirmişdim. Ötən ilin iyul ayında Ceyhun işlədiyim ofisə gələrək yenə də Avropa ölkələrindən birinə getmək istədiyini dedi. Çernoqoriya Respublikasına dörd nəfərin müalicəyə getməsi üçün razılıq əsasında 4200 manat pul verdi. Onun və ailəsinin pasport məlumatlarını götürdüm. Amma sonradan Ceyhunun verdiyi pulu xərcləmişdim deyə aldadıb dedim ki, internet vasitəsilə pul köçürülməsində problem olub. Ceyhun səfərdən imtina etdi və pulunu istədi. İstintaq zamanı onun pullarını geri qaytarmışam".
Təqsirləndirilən şəxs ifadəsində müştəriləri necə aldatmasından da danışıb: "Çexiyaya istirahətə getmək istəyən Elza Cahangirovadan aldığım 5 min manatı xərcləmişdim. Ramil İsayev Antalyada istirahət etmək istədiyini dedi. Onun verdiyi 2 min manatı digər şəxslərin sanatoriya yollayışları üçün ödədim. Ramilə isə heç bir yer sifariş etmədim.
Aqət Quliyev mənim vasitəmlə Yessentukiyə müalicəyə getmişdi. Sonradan iş yoldaşı Hidayət adlı şəxsi də gətirib "Viktoriya" sanatoriyasına yollayış təşkil etməyimi xahiş etdi. Hidayətdən götürdüyüm 1850 manatı müxtəlif yerlərə xərclədim. Ona nə bilet, nə də yollayış sifariş etmədim. Mən Aqəti deyil, Hidayəti aldatmışam".
Təqsirləndirilən şəxs ifadəsində müştərilərinin pulunu şəxsi ehtiyacları üçün xərclədiyini, gələcəkdə qaytarmağı planlaşdırdığını göstərib: "Müştərilərim pulu qaytara bilmədiyim üçün məndən şikayət etdi. Müştərilərin bəzisi sanatoriyada yer bron etmək üçün pul verəndən sonra bunun təsdiqini istəyirdilər. Onları inandırmaq məqsədilə ofisdə kompüterdə rus dilində ad və soyadlarını, sanatoriyanın adını, yollayışın neçə nəfərlik və neçə günlük olması barədə qeydlər tərtib edib printer vasitəsilə çap edirdim. Sonra onları şəxsi imzamla, habelə "Anar-M" firmasının möhürü ilə təsdiq edirdim. Bununla da müştəri sanatoriyada yer bron edilməsinə inanırdı. Lakin həmin blankların sanatoriyalar üçün heç bir əhəmiyyəti yox idi, yəni ödənişin köçürülməsi orada əks olunmamışdı. Yollayışları hazırladığım kompüterin və printerin içindəki məlumatları silib onları satdım.
Rusiyada fəaliyyət göstərən sanatoriyalarda heç kimlə münasibətim olmayıb, heç kimi tanımamışam, rəsmi müqavilə əsasında işləməmişəm. Burada yığdığım pulların bir qismini Rusiyada itirmişdim".
Qeyd edək ki, sözügedən cinayət işi üzrə məhkəmə istintaqı artıq yekunlaşıb. Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi iyulun 13-ə kimi təxirə salınıb.