"Karvan" istirahət mərkəzində külli miqdarda vəsait vergidən yayındırılır
Tarix: 2-07-2015, 10:56 |
Çap et
Hacıqabul rayonunda yerləşən "Karvan" İstirahət Mərkəzində mövcud olan xoşagəlməz məsələlərlə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. İlk öncə qısaca vurğulamaq istəyirik ki, bu istirahət mərkəzinin sahibi Siyasət adlı iş adamıdır. Deyilənə görə, o bəzi şəxslərə arxayın olduğundan qanundan kənar işlərə imza atır və heç kimdən çəkinmədiyini söyləyir. Məlumatlı mənbələrin bildirdiyinə görə, istirahət mərkəzinin yerləşdiyi ərazi həm də yaşıllaşdırma təsərrüfatı birliyinin balansındadır:
"Bu ərazidə tikinti işləri aparmaq qadağandır. İş adamı buranı tikərkən heç bir qanunu nəzərə almayıb. "Karvan" İstirahət Mərkəzində elə problemlər mövcuddur ki, bunları mütləq araşdırmaq lazımdır. Müştərilərə ödədikləri pulun qarşılığında qəbz verilmir. Obyektdə kassa nəzarət aparatı yoxdur. Sahibkar vergi orqanlarındakı tanışlarının yardımı ilə bu sahədə yaranan bütün problemləri asanlıqla yoluna qoyur. Kassa nəzarət aparatı olmadan ticarət obyektinin fəaliyyət göstərməsi böyük qanun pozuntusu hesab edilir. Siyasət müəllim isə buna əhəmiyyət vermədən vergi qanunvericiliyinin tələblərini pozmaqdan çəkinmir. İl ərzində istirahət mərkəzindən külli miqdarda vəsait əldə olunur. Müvafiq yoxlama aparılsa müəyyənləşər ki, həmin pulun az hissəsi dövlət büdcəsinə keçirilir. Yerdə qalan məbləğ isə vergidən yayındırılır. İstirahət mərkəzinin vergi hesabatı düzgün şəkildə aparılmır. Hesabatda gəlir az göstərilir və bununla da cüzi vergi ödənilir. "Karvan"da təxminən 30-a yaxın işçi işləyir. Onlardan heç birinin nə əmək müqaviləsi, nə də sosial sığorta kartı var. Ofisiantlar tez-tez dəyişir, bu səbəbdən obyektin sahibi onlarla əmək müqaviləsi bağlamağa həvəs göstərmir. Keçən dəfə mətbəxdə yaşanan acınacaqlı vəziyyət haqda danışmışdım. Bu barədə qəzetdə məqalə çıxsa da, antisanitariya şəraitinə son qoyulmasından ötrü heç bir iş görülməyib. Ət, kolbasa məhsulları lazım olan temperaturda saxlanılmır. Restoranda müştərilərə təklif edilən ət məhsullarına baytar nəzarəti yox dərəcəsindədir. İş adamı yerli baytarlıq idarəsinin əməkdaşını hansısa yollarla ələ almağı bacarıb. Halbuki, burda istifadə olunan ətin mənşəyi bilinmir. Bu baxımdan həmin ətdən hazırlanan kabab və qazan yeməkləri insanların sağlamlığı üçün zərərli ola bilər". Redaksiyamıza daxil olan məlumatlarda o da qeyd edilir ki, istirahət mərkəzinin sahibi Siyasət adlı şəxs olsa da, idarəetmə işlərini Hikmət adlı administrator aparır: "O xaraktercə kobud insandı. Özündən yaşca balaca, yaxud kiçik olan işçilərə, həmçinin istirahət mərkəzinin xanım əməkdaşlarına qarşı aqressiv münasibəti ilə seçilir. İşçilərin əmək müqaviləsi olmadığı üçün onlara hər işi gördürür. Bəzi hallarda ofisiantlar elektrik ustasının işini yerinə yetirirlər. Bu sahədən az-çox başı çıxan ofisiantları xarab olan elektrik naqillərini təmir etməyə məcbur edirlər. Əgər bu vaxt həmin işçini cərəyan vursa, istirahət mərkəzinin sahibi məsuliyyəti öz üzərindən atacaq. Hikmət obyektin yiyəsinin sağ əli kimi tanınır. Bir məsələyə də toxunmaq istəyirəm. Buranın adı ailəvi istirahət mərkəzidir. Gəlib özünüz müşahidə apara bilərsiniz ki, səhərdən axşama kimi restorana ailə şəklində heç kim gəlmir. İstirahət mərkəzinə üz tutanların əksəriyyəti problemli insanlardır. Daha doğrusu, kriminal söhbətlərə meyl edən şəxslərdir. Onlar restorana məxsus kabinetlərdə gah pul "razborka"ları aparırlar, gah da qumar oynayırlar. Aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları restoranda hansı işlərin çevrildiyini bilirlər, lakin müdaxilə etmək istəmirlər. Səbəb isə odur ki, sahibkar hər ay vaxtında lazım olan qurumların umduğunu verir. "Karvan" fəaliyyətə başlayandan bu günə qədər burda çox dava, söz-söhbət düşüb. Hətta bir neçə dəfə bıçaqlanma hadisəsi qeydə alınıb. Bu hadisələrin bir çoxunun üstü gizli qalır. Mərkəzin sahibi aidiyyəti şəxslərlə "razılaşıb" məsələnin həlli yolunu tapır". Xatırladaq ki, keçən yazıda Siyasət adlı iş adamının Şirvan, Hacıqabul və qonşu rayonların müxalifətini maliyyələşdirməsi haqda iddialar ortaya atılmışdı.
Əldə etdiyimiz yeni informasiyaya əsasən, Salyan, Neftçala, Şirvan və Hacıqabul rayonlarının müxalifətçilərinin əsas görüş yeri məhz "Karvan" istirahət mərkəzidir: "Restoranın yerləşdiyi ərazidə müşahidə kameralarının sayı azdır. Müxalifətdə təmsil olunan şəxslər restoranda bəzi məsələlər ətrafında müzakirə aparırlar. Kamera ona görə azdır ki, obyektin sahibi səslərinin və görüntülərinin qeydə alınacağından ehtiyat edir. Bakıdan Salyan, Neftçala, Şirvan, Hacıqabul və ətraf rayonlara yolu düşən müxalifət nümayəndələri "Karvan"da ayaq saxlayıb dincəlirlər. İş adamı işçilərinə həmin şəxslərə yüksək səviyyədə qulluq göstərməyi tapşırıb". Biz üzərimizə düşən vəzifəni yerinə yetirib "Karvan"dakı neqativ işləri işıqlandırırıq. Bundan sonrası artıq müvafiq qurumların işidir. Ümid edirik ki, Vergilər Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Sosial Müdafiə Fondu və Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları "Karvan"da tezliklə yoxlama aparıb qanun pozuntularının qarşısını alacaqlar. Yaxın günlərdə Hikmətlə Cavanşirin qohumluq əlaqələrindən söhbət açacağıq.