Abid Şərifovun qəzəbinin sirri indi açılır
Tarix: 15-06-2015, 11:51 | Çap et
Abid Şərifovun qəzəbinin sirri indi açılır
Baş nazir müavini Abid Şərifov Bakıda binalardakı penoplast üzlüklərin dəyişdirilməsi prosesindən kənarda qalıb. Belə ki, Şərifov həmin prosesin onun nəzarəti altında aparılmasını istəyirmiş.
Amma sonda yüzlərlə binadakı penoplast üzlüklərin dəyişdirilməsi Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbova həvalə edilib.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti indiyə qədər 258 binanın üzlüklərini söküb. Bu barədə bir neçə gün əvvəl BŞİH başçısı Hacıbala Abutalıbov deyib. Onun sözlərinə görə, tez alışan poliuretan üzlüklərin yerinə müxtəlif odadavamlı materiallar çəkilir. "Məsələn, Mətbuat prospekti, Ziya Bünyadov küçəsində üzlüklər keramika qranitdən qoyulur. Fövqəladə Hallar Nazirliyinin bu üzlüklə bağlı razılığı var. Bəzi binaların üzü ağ daşdandır, amma balkonlar həmin o yanan material ilə üzlənib. Onların yerinə fibro beton üzlüklər qoyulur ki, ona da FHN öz razılığını verib. Digər tərəfdən, Nobel prospekti, Suraxanı, Sabunçu, Nəsimi rayonlarındakı binaların üzlükləri tamamilə sökülüb, ayın 10-a qədər o binaların fasadları Almaniya, Finladiya və ABŞ-dan gətirilmiş xüsusi boyalarla rənglənəcək".
Sosial şəbəkələrdə binaların üzünə vurulan yeni materialın konserogen maddə tərkibli asbest olmasıyla bağlı iddialar barədə sualını cavablandıran Hacıbala Abutalıbov bu məlumatı təkzib edib, o deyib ki, asbestin istehsalında zərərli maddələrdən istifadə edilir və ona görə ziyansız hesab edilmir: "Üzlüklər üçün əsasən fibro betondan istifadə edirik ki, o da çox yüngül materialdır və yanmır. Nobel prospektində 8 bina fibro beton ilə üzlənəcək".
Bəzi ekspertlər binaların penoplast üzlüklərinin dəyişdirilməsinin meriya tərəfindən aparılmasını doğru hesab etmirlər. Onların fikrincə, Bakının Xətai və Binəqədi rayonlarındakı dəhşətli yanğınlara, insan itkilərinə yol açan penoplast üzlüklərlə bağlı BŞİH zamanında lazımi addımlar atmayıb. İndi isə belə üzlüklərin dəyişdirilməsinin məhz meriya tərəfindən həyata keçirilməsi işin keyfiyyəti ilə bağlı narahatlıqlar yaradır.
Elə baş nazir müavini Abid Şərifov da penoplast üzlüklərin dəyişdirilməsinin ona həvalə olunmasına çalışıb. Amma buna nail olmadıqda artıq 20 ildir vitse-premyer postunu tutan Şərifovun kefi pozulub.
Baş nazir müavininin jurnalistlərlə son təmasları zamanı KİV nümayəndələrinə qarşı aqressiv davranışları və aşağılayıcı münasibəti də onun əhval-ruhiyyəsinin yaxşı olmaması ilə izah edilir.
Qeyd edək ki, Abid Şərifovun biznesinə bir sıra təmir-tikinti şirkətlərinin də daxil olduğunu çoxdan yazır. Elə ona görə də baş nazir müavininin penoplast üzlüklərinin dəyişdirilməsinin ona həvalə edilməsini istədiyinə dair iddialar var.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net