Deputat: 20 min manatı hardan tapım?
Tarix: 23-05-2015, 11:20 |
Çap et
“Şeyx nə qədər böyük insandır ki, mən nə qədər oluramsa-olum, özüm ola bilmirəm”.
Mətbuata deyilməsi mümkün olmayan işlərimiz də olur. Biz imkanlarımız çərçivəsində bacardığımızı edirik. Amma elələri də var ki, nə özünün imkanı var, nə də olduğu imkanın dəyərini bilir. Bizə bəzən elə müraciətlər olur ki, imkanlarımız onu həyata keçirməyə yol vermir.
Məsələn, biri yazır ki, mənim uşağım xəstədir. 20000 manata xaricdə müalicə olunmalıdır. Bir millət vəkili 20 min manatı hardan gətirib verə bilər ki? Deyirəm mən sizə necə kömək edim, bu qədər vəsaiti tapa bilmərəm ki. Deyir, o nədi ki? O nədisə niyə o “nədi” səndə yoxdur? Belələri də olur. Bu da bizim insanlardır. Bu da bizim insanların fikirləridir.
Vertikal.az xəbər verir ki, bunu “Ekspress” qəzetinə müsahibəsində millət vəkili Cavanşir Paşazadə bildirib.
Onun sözlərinə görə, deputatlar belə insanları qınaq obyektinə çevirmirlər.
“Ehtiyacdan doğulan şeylərdir hamısı. Təbii ki, artıq Azərbaycanın özündə böyük xəstəxanalar tikilib. O xəstəxanalarda elə aparatlar var ki, heç xaricdə də yoxdur. Azərbaycanda da elə müalicələr də həyata keçirilir. Bu insanları qınamıram. Amma o insanlar bilməlidirlər ki, millət vəkilləri qanun qəbul etmək üçündür. Millət vəkilləri sizin sözünüzü dövlətə çatdırmaq üçündür”, - deyə, deputat bildirib.
Bakıda baş verən yanğın hadisəsindən danışan C.Paşazadə həlak olan insanların hamısına başsağlığı verib.
“Bizim balalarımız, bacılarımız, qardaşlarımızdır. Doğrudan da böyük faciədir. Orada körpələr dünyasını dəyişdi. Bu hadisə 3-5 günə yaddan çıxan bir şey deyil. Cənab prezidentin də bu hadisə ilə bağlı başsağlığını oxudum. Prezidentin bu məsələyə nə qədər sərt yanaşdığının da şahidi olduq. Böyük komissiyalar yaradıldı. Təbii ki, bu o insanların yaralarını sağaltmayacaq. Onların dərdi ömür boyu içlərində qalacaq.
Cənab prezident tapşırıqlar verib və tədbirlər görülüb. Bundan qabaq da bina yanmışdı. O bina haqqında Milli Məclisdə də o vaxt söhbətlər, danışıqlar oldu. Təbii ki, o işləri yerinə yetirən adamlar gərək müəyyən qədər reaksiya verəydilər.
Bu işdə kimin günahkar olduğu ortaya çıxarılacaq. İnsanlar öz cəsasını çəkəcəklər. Mən inanıram ki, bu belə buraxılmayacaq. Bir tədbir görüləcək”, - deyə, deputat qeyd edib.
Son zamanlar mətbuatda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyx Hacı Allahşükür Paşazadənin qudası kimi təqdim olunması barədə sualı cavablandıran deputat Cavanşir Paşazadə qeyd edib ki, bu, belə də olmalıdır.
“Cənab prezident İlham Əliyevi Heydər Əliyevin oğlu kimi tanıyırlar. Atanı oğulla tanıyırlar, oğulu atayla. Əgər bu gün cənab prezidenti Heydər Əliyevin oğlu kimi bilirlərsə, görün Heydər Əliyev nə boyda bir nəhəng olub ki, ondan sonrakı nəhəngi onun oğlu kimi qəbul edirlər.
İndi siz görün ki, şeyx nə qədər böyük insandır ki, mən nə qədər oluramsa-olum, özüm ola bilmirəm. Yenə də onun adıyla təqdim olunuram. Bir ailənin üzvüyüksə, biz bir-birimizlə fəxr etməliyik”.