İşdən qovulan qadın Baytarlıq Xidmətində 29 il “səhvən” işləyib?
Tarix: 21-10-2016, 08:13 | Çap et
İşdən qovulan qadın Baytarlıq Xidmətində 29 il “səhvən” işləyib?
Oktyabrın 17-də Qafqaz Xəbər Agentliyinə 50 yaşlı Göyçay sakini Fatma Qara qızı Qarayeva müraciət edib.
F.Qarayeva bildirib ki, Göyçay Zona Baytarlıq laboratoriya İdarəsinin direktoru Kərim Babayevlə, Göyçay Baytarlıq İdarəsinin rəisi Ağadadaş Ağayev əlbir olub saxtakarlıqla onu 29 il nöqsansız çalışdığı işindən ixtisar ediblər.
“1987-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunun zootekniklik fakultəsni bitirib, həmin ildən Göyçay Baytarlıq Laboratoriya İdarəsinin sereloji şöbəsində laborant vəzifəsinə işə qəbul olunmuşam.29 il bu vəzifədə nöqsansız çalışmışam. 2 fevral 2016-cı il tarixdə Kənd Təsərrüfatı Nazirliyində struktur dəyişikliklə əlaqədar, direktor Kərim Babayev mənə bildirdi ki, bizim idarənin 3 şöbəsi Ucar rayonunda yeni yaradılmış İdarəyə köçürüləcək və bir sereloji şöbə isə Göyçay Baytarlıq İdarəsində yeni yaradılmış diaqnostika kabinetinə keçiriləcək.
K.Babayev mənə dedi: “Bunun üçün sən Baytarlıq İdarəsinin rəisi Ağadadaş Hacıyevə pul verməlisən. Mən buna etiraz etdim deyə, heç bir əsas olmadan, idarəmiz ləğv olunmamış məni ixtisar adı ilə işdən tam qanunsuz olaraq çıxartdılar.Bunu isə korrupsiyaya qurşanmış Kərim Babayevlə Ağadadaş Hacıyev planlı şəkildə etdilər ki, struktur dəyişikliklə əlaqədar əmrlə ləğv edilmiş idarədə adları göstərilən işçi siyahısında mən olmayım və orada adı olan Asudə İsmayılovanı işə götürsünlər. Belə də oldu. Sereloji analizlərdən heç bir anlayışı təcrübəsi olmayan Asudə İsmayılovanı mənim yerimə işə götürdülər. Zərərli kimyəvi maddələrlə işlədiyimiz üçün, bizə əmək haqqından əlavə hər ay verilən ərzaq pulunu Laboratoriya İdarəsinin direktoru Kərəm Babayev və Baytarlıq İdarəsinin rəisi Ağadadaş Hacıyev mənimsəyiblər, bizə verməyiblər.
Kərəm Babayevin həyat yoldaşının adı idarədə xadimə kimi işdə getsə də heç vaxt işə gəlməyib.İdarədə işlədilməsi üçün dəftər ləvazimatını öz pulumuzla almışıq, ödənişlə edilən sifarişli analizlərin pulunun 50 faizini Kərəm Babayev dövlət büdcəsindən yayındırıb, özü mənimsəyir. Ağadadaş Hacıyev də ixtisası baytarlığa aid olmayan oğlu Mehmanı İdarəyə aparıcı həkim təyin etdirib, gəlini Elnarənin adı xadimə kimi qeyd edilsə də idarənin yolunu belə tanımır. Bu korrupsioner cütlük Göyçay Baytarlıq İdarəsinin rəisi Ağadadaş Hacıyev və Göyçay Zona Baytarlıq Laboratoriyasının direktoru Kərəm Babayevin talançılığı nəticəsində hər il dövlətə küllü miqdarda zərərlər dəyir”, – deyə F.QarayevaQafqaznews.az-a qeyd edib.
Tək və çətin həyat sürdüyünü deyən Fatma Qarayevanın sözlərinə görə, o, daim idarədəki haqsızlıqlara etiraz etdiyinə görə, K.Babayevin qəzəbinə tuş gəlib və onun iştirakı olmadan, Həmkarlar İttifaqının iclasına dair 25 fevral tarixli saxta protokol hazırlanıb: “Guya, mən demişəm ki, başqa yerdə iş tapmışam, çıxmaq fikrim var. Əgər başqa yerdə iş tapmışdımsa, neçə aydır niyə məhkəmələrə gedib-gəlirəm? Göyçay Rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyev mənim tələbimi – 2 aylıq maaşımla bağlı tələbi təmin elədi, amma 1 aprel tarixindən yaradılmış Ucar Baytarlıq İdarəsində işə bərpa olunmağımla bağlı tələbimi təmin etmədi. Hazırda Şəki Apellyasiya Məhkəməsində proses gedir. Prezident İlham Əliyev cənabları kənd təsərrüfatının inkişafı üçün mütərəqqi adddımlar atır, sərəncamlar imzalayır ancaq yerlərdə həmin sərəncamların icrasına belə korrupsioner yaramaz məmurlar maneə olub öz şəxsi maraqlarına görə cinayət əməlləri ilə məşğul olurlar.
Mənə qarşı edilən bu qanunsuzluqlar və adlarılnı çəkdiyim vəzifəli şəxslərin korrupsiya əməlləri barədə məlumat vermək üçün 28 oktyabr 2016-cı il tarxidə Kənd Təsərrüfatı Naziri cənab Heydər Əəsdovun Zərdab rayonunda keçirəcəyi qəbula gedəcəyəm. Şəxsən Nazirə bu barədə məlumat verəcəyəm. Mətbuat vasitəsi ilə də Cənab Prezident İlham Əliyevə və Nazir cənab Heydər Əsədova müraciət edib xahiş edirəm, qanunsuz çıxarıldığım işimə bərpa edilməyimə köməklik göstərəsiniz və Göyçay Baytarlıq İdarəsinin rəisi Ağadadaş Hacıyevin və Göyçay Zona Baytarlıq Laboratoriyasının direktoru Kərim Babayevin korrupsiya cinayətlərini şəxsən araşdırıb onların barəsində qanuni tədbirlər görəsiniz”.
Biz məsələyə aydınlıq gətirmək üçün, Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli ilə əlaqə saxladıq.
Y.Xanvəli bildirdi ki, məhkəmə qərar çıxarıb və Fatma Qarayevanın işə bərpa olunmaq tələbini təmin etməyib: “Onun iki aylıq maaşı ödənilib, eləcə də bir aylıq maaşı Kərim Babayevdən alınıb özünə verilib. Orda bütün idarə işdən çıxarılıb, sonra struktur dəyişikliyi olunanda ixtisasa uyğun olanlar yenidən işə götürülüb. Struktur dəyişikliyi ilə bağlı, ixtisara düşənlər çox oldu. Məhkəmə qərarı var. Fatma Qarayevanın səsləndirdiyi rüşvət ittihamları isə yalnışdır”.
“Məhkəmə hələ də apellyasiyada davam edir. Amma Baytarlıq Xidməti istəsə, o xanımı yenidən işə götürə bilər… Axı, 29 illik iş təcrübəsi var”, – deyə qeyd etdik.“Onun ixtisası zootexnikdir. O, laborant işləməyə uyğun deyil”, – deyə Yolçu Xanvəli vurğuladı. “Axı 29 il orda işləyib…”, – deyə təkrar xatırlatma verdik.
“Yəqin, yalnışlıqla olub”, – deyə Y.Xanvəli cavab verdi. O, əlavə etdi ki, Fatma Qarayeva bundan sonra işə bərpa olunacağına ümid etməsin.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net