Camaat iki icra başçısını görənə mükafat ayırdı
Tarix: 30-04-2016, 10:51 |
Çap et
Məlum olduğu kimi, Ermənistan Silahlı Qüvvələri mütəmadi olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən kəndlərimizi artilleriya və iri çaplı silahlardan atəşə tutur. JAM.AZ xəbər verir ki, təkcə bu həftə içində Ağcabədi, Ağdam və Tərtərin cəbhəyanı kəndlərinə düşən mərmilərin partlaması nəticəsində onlarla ev dağılıb, iki nəfər şəhid olub, 10-dan artıq yaralı var.
Qeyd edək ki, düşmən tərəfinin təxribatlarının qarşısını almaq üçün Azərbaycan Ordusu da lazımi tədbirlər görür. Belə ki, düşmənin bütün atəş nöqtələrini susdurmaq üçün zərbələr endirilir.
JAM.AZ xəbər verir ki, cəbhə rayonlarımız içində yeganə rayon Tərtərdir ki, onun icra başçısı Müstəqim Məmmədov sözün həqiqi mənasında fədakarlıq edir. Bir dəqiqə də olsa, yerindən ayrılmayan, hadisələr baş verən kəndlərə baş çəkən icra başçısı rayon camaatı ilə görüşərək, onların yanında olduğunu nümayiş etdirir. Etiraf edək ki, Müstəqim Məmmədovun bu hərəkətləri elə Tərtər camaatı tərəfindən də təqdir olunur. Əslində, icra başçısı, xüsusən də müharibə zonasında yerləşən rayonun rəhbəri elə Müstəqim Məmmədov kimi olmalıdır.
Lakin bunu Bərdə və Ağdamın icra başçıları haqqında demək təəssüf ki, demək mümkün deyil. JAM.AZ xəbər verir ki, düşmənin hədəf aldığı əsas rayonlarımızdan biri Ağdamdır. İndiyə qədər rayonun bir çox kəndləri erməni terrorçuları tərəfindən artilleriya atəşinə tutulub. Elə dinc sakinləri şəhid olanlar da bu rayondandır. Maraqlıdır ki, Ağdamın icra başçısı Raqub Məmmədovu nadir hallarda dağıntılar olan kəndlərə baş çəkdiyi müşahidə edilir. Hətta mətbuat nümayəndələri belə onu tapa bilmirlər ki, vəziyyətlə bağlı məlumat əldə edə bilsinlər. Tapdıqları halda isə gülməli vəziyyət yaranır. Ermənilərin kəndləri bombalaması, dağıntılara yol verməsi, hətta itkilərimiz olduğu halda icra başçısı deyir ki, hər şey normaldır. Bunun harası və nəyi normaldır, məlum deyil.
Raqub Məmmədovun ermənilərdən qorxduğu və ya çəkindiyini demək, ən azından haqsızlıq olardı. Çünki Ağdamın icra başçısı Qarabağ döyüşlərində iştirak edib, kəşfiyyat qruplarının rəhbəri olub. Bundan əlavə, o, Tərtər kimi çətin bir rayonda MTN-in yerli şöbəsinin rəisi vəzifəsində də çalışıb. Bəs, belə olan təqdirdə, Raqub Məmmədov niyə cəbhəyanı kəndlərlə görünmür? Bu sualın cavabını birmənalı vermək xeyli çətindir. Bura məsuliyyətsizliyi, hətta səriştəsizliyi də əlavə etmək mümkündür. Ona görə ki, Raqub Məmmədov icra başçısı olaraq dinc vəziyyətdə belə vəzifələrini icra etmək gücündə deyildi. Müharibə vəziyyətində isə onun işinin öhdəsindən gələ bilmədiyi daha qabarıq şəkildə özünü göstərir.
JAM.AZ bildirir ki, Bərdənin icra başçısı Vidadi İsayev də Raqub Məmmədovun yolunu gedir. Onun rəhbəri olduğu rayon da cəbhə xəttində yerləşir və kifayət qədər strateji əhəmiyyət daşıyır. Amma Vidadi İsayevi yerində tapmağın özü bir ayrıca müsibətdir. Çünki onu tapmaq müşkül məsələdir. İsayevin yerində olmaması o, düşüncəni ortaya qoymamalıdır ki, cəbhəyə yaxın kəndlərə baş çəkir. Əksinə, onun başının başqa işlərə qarışdığı deyilir.
Bu əsnada, JAM.AZ-a verilən məlumata görə, Bərdə və Ağdam camaatı icra başçılarını görənə və ya yerini dəqiq deyənə mükafat ayırıblar. Məlumatlara görə, Raqub Məmmədovu Ağdam ərazisində görənə bir dana, Bərdənin icra başçısı Vidadi İsayevi görənə isə bir əmlik quzu hədiyyə ediləcək.
Qarşı tərəfi də dinləməyə hazırıq.