Rusiya televiziyası ermənidən çox erməni rolunda
Tarix: 6-04-2016, 09:37 | Çap et
Rusiya televiziyası ermənidən çox erməni rolunda
Azərbaycanla Ermənistan arasında Qarabağda başlanan silahlı döyüşlər aprelin 5-də dayandırıldı. Azərbaycan ordusunun zəfərləri dünya mediasının da diqqət mərkəzindədir.

Amma bu məsələdə Rusiya mediasının sərgilədiyi qeyri-obyektiv mövqe xüsusilə fərqlənir. Bugünlərdə Rusiyanın ORT kanalında efirə gedən “Vremya pokajet” (“Zaman göstərər”) adlı verilişdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Müzakirələrdə ekspert qismində siyasətçilər, politoloqlar, jurnalistlərlə yanaşı, vətəndaşlar da iştirak edib. Qonaqlar veriliş boyunca öz kəskin və birmənalı mövqeləri ilə fərqləniblər.

Verilişdə diqqəti çəkən əsas nüans isə qonaqların, ekspertlərin, eləcə də moderatorun ermənipərəst mövqeyi idi. Milliyyətcə rus olan ekspertlər belə ermənilərdən daha çox erməni, qeyri-obyektiv və yalançı mövqeləri ilə fərqlənirdi. Faktların təhrif olunması, mətləbdən yayınma, tarixi faktları inkar... xəttini tutan qonaqlara Azərbaycan mövqeyindən cavabı isə İHLAS agentliyinin müxbiri Fuad Abbasov verirdi. Səlis rus dili bilgisi, faktları konstatasiya bacarığı və polemika mədəniyyəti ilə F.Abbasov “yüz nəfərə qarşı bir nəfər” məntiqi ilə vuruşurdu. Jurnalistika qanunları və meyarlarına sözün birbaşa mənasında tüpürən moderator Pyotr Tolstoy, eləcə də yardımçı moderatorlar müdaxilələrində, dikskussiyanı yönləndirmələrində açıq-aşkar erməni mövqeyini müdafiə edir, hətta bunu gizlətməyə belə ehtiyac duymurdu. Hətta müzakirə zamanı özünü bitərəf göstərməyə çalışan ekspertlərdən biri ümumi atmosferi görüb “sanki bütün erməniləri bura yığıblar” replikasını atmağı da unutmadı. Müzakirələr zamanı isə sətiraltında Moskvada ruslardan çox ermənilərin yaşaması faktı qabardıldı.

Eyni mənzərə TV4-ün efirində gedən “Pravo qolosa” adlı verilişdə də özünü göstərir. F.Abbasov yenə də eyni mövqedə, rus aparıcının, erməni qonaqların əhatəsində Azərbaycanı, Dağlıq Qarabağı, onun mövqeyini müdafiə etməyə çalışır.

Maraqlıdır ki, verilişdə F.Abbasovun kəskin arqumentləri qarşısında aciz qalanlardan biri - Rusiya Federasiyası Konseyinin üzvü ona “siz çox tərbiyəsiz, qaba və görməmiş bir insansınız. Sizi bu cür proqramlara çağırmaq bir yanlışdır” deyərək etiraz edib. Hətta bir nəfərin alternativ fikri belə ciddi aqressiya doğurub.

F.Abbasov isə sosial şəbəkədə bu verilişlərin linklərini paylaşıb və olanlarla bağlı məlumat verib.

Bütün hallarda sual öz aktuallığını qoruyur: Rusiya mediasının qeyri-obyektiv mövqeyi niyə bu qədər qabarıqdır? Jurnalistika, media prinsiplərinin tapdanması, aşırı ermənipərəstlik Rusiya mətbuatı üçün hansı səbəbdən prioritetlərə çevrilib? Söhbət təkcə dini ortaqlıqdan gedir, ya Rusiyada ermənilərin çoxluğundan?

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev hesab edir ki, bu, Rusiya mətbuatının yox, Rusiya dövlətinin ermənipərəst mövqeyidir. Onun fikrincə, söhbət əvvəlcədən düşünülmüş bir plandan gedir: “Rusiya mətbuatının daha öncə Gürcüstanla, Ukrayna və Suriya, indi də Qarabağla bağlı mövqelərini müqayisə etsəniz, görərsiniz ki, eyni davranışdır. Nə jurnalist etikası, nə peşəkarlıq. Sadəcə, siyasi sifariş və ölkələrdən birinə qarşı hücumlar. Bu, dövlət tərəfindən verilən sifarişin bəzi kanallar və onların aparıcıları tərəfindən yerinə yetirilməsidir və çox təhlükəli simptomdur. Mən uzun müddət o proqramların izlənilməsi ilə professional şəkildə məşğul olmuşam. Bu, dövlətin hər hansı planından xəbər verir və ictimai rəyi əvvəlcədən yönəltmək məqsədi güdür. Bundan çıxış edərək hazırda Qarabağdakı toqquşmanın bu cür uzanması, Rusiya dövlətinin bu cür susub, medianın isə qabağa verilməsi məndə çox böyük təhlükə və narahatlıq doğurur. Mən düşünürəm ki, bunu mütləq Azərbaycan dövləti, Azərbaycan mediası da nəzərə almalıdır ki, Rusiya dövlətinin üzdə sakit mövqeyi, amma mediada apardığı təbliğat çox pis bir sonluqdan xəbər verir. Buna görə də belə şeylərdə son dərəcədə ehtiyatla davranmalı və Azərbaycan hakimiyyəti bunu nəzərə almalıdır. Son gərginliyin başlanmasında ermənilər qabağa düşüb. Rusiyanın məlumatı olmadan bu proses başlana bilməzdi. İndi Rusiyanın bunu, sadəcə, izləməsi onun bir taktik planından xəbər verir”.

“Niyə bu verilişlərə rus dilini mükəmməl bilən azərbaycanlı ekspertləri, jurnalistləri çıxarmırlar” sualına cavabda A.Əliyev bildirdi ki, bu, məqsədli şəkildə belə edilir: “Azərbaycan kanalına hər hansı münaqişədə əks tərəfin adamları sərbəst çıxa bilərmi? Rusiyanın da kanalları Azərbaycan kanallarından qat-qat artıq ideoloji nəzarət altındadır. Ukrayna, Gürcüstan, Suriya məsələlərində də belə idi. Bir nəfər çıxarılırdı, hamı tökülüşürdü onun üstünə. Aparıcılar da işğalçıların mövqeyindən çıxış edirdi. Bu, ssenaridir. Ssenari də Rusiyanın Prezident Aparatından verilir. O yerdə ki, siyasi sifariş olmur, orda müxtəlif improvizasiyalara yer verilir. Rusiya hakimiyyəti bu kanallara Azərbaycanı sifariş verir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net