«Yevlaxın başçısı Qoca Səmədov qışqırıb dedi ki, niyə prezidentə şikayət etmisən?»
Tarix: 21-01-2016, 10:24 |
Çap et
"Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır".
Bu sözləri prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun çıxışı zamanı demişdi. Dövlət başçısının məlum iradlarından sonra bəzi məmurlar, əsasən də yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri əhalinin qayğıları ilə yaşamağa başlayıblar. Bəzi məmurlar isə hələ də qanunsuz əməllərini davam etdirirlər.
Əhali ilə normal münasibət yaratmağı bacarmayaların sırasında Yevlax şəhərinin bir sıra vəzifəli şəxslərinin adları da ön sıralarda qeyd olunur.
Yevlax şəhəri, Q.Quliyev küçəsi 4 a, mənzil 8 ünvanında yaşayan Narıngül Xudiyeva da redaksiyamıza gələrək təqdim etdiyi şikayət məktubunda yerli məmurların onu narahat edən problemlərinə biganə yanaşdığını dedi: «Bildirirəm ki, mən 21 il dövlətə işləmişəm. Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun Yevlaxdakı keçmiş yun zavodunda işləyəndə mənzil növbəsində 4-cü idim. Neçə illər yeni mənzilə köçəcək ümidi ilə yaşadım. Nahaq deməyiblər ki, sən saydığını say, gör, fələk nə sayır. Bir gün eşitdim ki, zavodun işçilərinə mənzil tikintisi dayandırılıb».
“Torpaqların paylanmasına nəzarət edən Zaməddin adlı şəxs və Yevlaxın sabiq icra başçısı Elmar Vəliyev həmin torpaq sahəsini əlimdən alaraq imkanlı adamlara satdılar”
Şikayətçinin yazdığına görə, yun zavodunda uzun illər qüsursuz işlədiyinə görə ona Yevlax şəhər avtovağzalının yaxınlığında 6 sot torpaq sahəsi də verilib: «Ancaq rayonda torpaqların paylanmasına nəzarət edən Zaməddin adlı şəxs və Yevlaxın sabiq icra başçısı Elmar Vəliyev həmin torpaq sahəsini əlimdən alaraq imkanlı adamlara satdılar. Rayonda aidiyyəti qurumlara şikayət edən zaman isə qarşıma yüz hoqqalarla çıxdılar. Sanki məni bir uğursuzluq izləyirdi. Belə ki, Yevlax şəhər mədrəsəsində on il dini təhsil aldım. Lakin axund Hacı Namiq Əliyev, nədənsə, mənə mədrəsədə təhsil almağım barədə diplom vermədi. Dedi ki, guya mən üç il təhsil almışam. Sonradan öyrəndim ki, axundun sözü ilə əməli düz gəlmir, yəni rüşvətsiz iş görmür. Halbuki mən Allah, din-islam yolunda can qoymuşam. Ona görə də bu gün axund Hacı Namiqdən dirlomumu tələb etmək haqqım var.
Məlumat üçün onu da bildirirəm ki, atam vaxtilə böyük vətən müharibəsində iştirak edib. İkinci qrup əlil olub. Ölkədə meşə və yaşıllığın salınmasında böyük əməyi keçib. Hətta o dövrdə atamı bu əməyinə görə Sov.İKP MK-nın Baş katibi Nikita Serqeyeviç Xruşşov mükafatlandırıb. Vaxtilə bütün sövet və xarici mətbuat atamdan yazıb. O, nə əkibsə, dərmansız-zadsız bol bəhrə verib. Çünki atam tanınmış aqronom idi. Həmişə dövlət işində yüksək vəzifələrdə çalışıb. Atamla anam səxavəti, xeyriyyəçiliyi ilə də el-obada sevilirdilər. Bütün bunlar nənəmdən, babamdan keçmədir. Biz kökdən-nəsildən belə olmuşuq.
Ancaq bu gün mən Yevlaxda at oynadan bəzi məmurların sayəsində imkansız şəraitdə yaşamaq məcburiyyətindəyəm. Hələ vaxtilə bu barədə ümummilli lider Heydər Əliyevə, sonralar cənab prezident İlham Əliyevə dəfələrlə müraciət etmişəm. Ancaq heç bir müsbət nəticəsi olmayıb. Hal-hazırda Yevlax şəhər 4 saylı təmir istismar sahəsində rüsumçu işləyirəm. Bu gün istəyirəm ki, mənim də evim olsun, normal şəraitdə yaşayım. Ona görə də dövlətdən maddi yardım istəyirəm. Əgər bunu istəməyə haqqımız yoxdursa, bu, başqa məsələ.
Üzləşdiyim problemlərlə bağlı Yevlax şəhər rəhbərliyinə, aidiyyəti digər qurumlara dəfələrlə müraciət etmişəm. Kömək əvəzinə, daim kobud münasibətlərlə, şantaj xarakterli təzyiqlərlə rastlaşmışam.
Son dəfə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun qəbulunda olmuşam. O da mənə qışqırıb dedi ki, niyə prezidentə şikayət etmisən? Dedim ki, mən də Azərbaycan vətəndaşıyam, məgər mənim öz dövlətimin başçısına müraciət etmək hüququm yoxdur? Bəs hara müraciət etməli idim?
Bəzi vəzifəli şəxslər isə məni cibimə narkotika qoymaqla hədələyirlər. Ad çəkmirəm, amma vaxt gələr, ad da çəkərəm. Bu barədə hələlik heç nə demək istəmirəm. Ona görə də ölkə başçısına müraciət edərək, dövlətdən kömək, maddi yardım istəyirəm”.
Şikayətdə sadalanan iddialarla bağlı Yevlax şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.