Əfv bu dəfə daha çox məhkuma şamil olunacaq
Tarix: 23-12-2015, 09:51 |
Çap et
Yeni ilə sayılı günlər qaldı. Hazırda bayramqabağı ən çox müzakirə mövzularından biri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı veriləcək əfv sərəncamıdır. Bayrama doğru hər keçən gün bir çox siyasi məhbusun azadlığa çıxacağına olan ümidləri daha da artırır.
Buna səbəb Əfv Komissiyası üzvlərinin və hüquq müdafiəçilərinin əfvlə bağlı ümid dolu açıqlamalarıdır. Əfv Komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı “Yeni Müsavat”a açıqlamasında əfv sərəncamının hazırlandığını bildirdi: “Əfv Komissiyasına daima müraciətlər daxil olur. Məhbusun nəyə görə tutulduğunu nəzərə almırıq. Sadəcə keçdiyi həbs müddəti, etdiyi əməldən peşmançılığı, səhhəti və başqa amilləri əsas götürürük. Təki Allah onların günahlarını bağışlasın. 20 ildir komissiya var, insanlar əfv olunur. İl ərzində çoxlu sayda bayramlar var. Hər kəs istəyir ki, bayramlarda daha çox savab iş görsün. Çünki bundan hər kəs sevinir. Amma əfv edilən hər kəs prezidentə borcludur.
O, əfv edir. Buna görə də, kiminsə diktəsi kimi fikirlər boşdur. İnanın ki, bağışlananlar yüzlərlə müraciət edənlərin içərisindən seçilir. Hər kəs müraciət edir. Amma hamını buraxmaq olmaz. Çox həssas məsələdir. Bu dəfə müraciətlər çox idi, çox da işə baxılıb. İşlər yekunlaşmaq üzrədir. Yəqin ki, bu günlərdə tam yekunlaşacaq. Ayın sonlarında da cənab prezident sərəncamı verəcək. Bu fərman daha çox məhbusa şamil olunacaq. Bu bayramda əfv olacağına çox inanıram”.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirdi ki, Əfv Komissiyasının qərarı haqqında tam məlumata malik deyil: “Ümumi məlumata malikəm ki, komissiyada bu məsələlər geniş müzakirə olunur. Əfv siyahısı imzalanmaq üçün prezidentə təqdim olunub. Hesab edirəm ki, Əfv Komissiyasının bu siyahısının çevrəsi geniş olacaq. Ölkə başçısının ulu öndərdən qalan humanistlik, mərhəmət prinsiplərinə söykənərək, bu xətt davam etdirilir. İlin sonunda biz bu ənənənin davamı kimi belə bir sərəncamın şahidi olacağıq. Hər birimizin gözlədiyi nəticələr üzümüzə gələn sərəncamda olacaq”.
Hüquq müdafiəçisi Arzu Abdullayeva əvvəlki illərdən fərqli olaraq, bu dəfə əfvə daha çox inandığını söylədi: “Əvvəllər həmişə deyirdim ki, əfv ölkəmizdə 1-2 nəfərdən asılıdır. Hazırda Avropadan təzyiqlər gələ bilər, amma nəzərə alın ki, danışıqlar da gedir. Təkcə təzyiqlər deyil. Azərbaycan əvvəlki illər kimi əsassız inadkarlıq göstərmək vəziyyətində deyil. Təzyiq edən Avropa Şurası, Birliyi və başqa beynəlxalq təşkilatlardır. Azərbaycan bu qurumların üzvüdür. Hər dövlətə Avropa Şurasının qərarı şamil oluna bilər. Hesab edirəm ki, əsassız inadkarlıq göstərmək Azərbaycanın xeyrinə deyil. Daxili vəziyyətimiz çox ağırdır. Hakimiyyət yumşaq siyasət aparmalıdır. Beynəlxalq təşkilatlar da sərt siyasətlərini dəyişməlidirlər. Amma nəzərə alaq ki, Yeni il ərəfəsi daim əfv sərəncamları verilir. Bu baxımdan böyük əfv verilməsi şansı bu dəfə daha çoxdur”.