2015 nə ilə yadda qaldı? – Millət vəkilləri
Tarix: 22-12-2015, 10:03 |
Çap et
2015-ci ilin ən yadda qalan hadisəsi I Avropa Oyunları idi. Bu Oyunları ölkəmiz üçün çox əhəmiyyətli hesab edirəm.
Bu sözləri Axar.az-a deputat Aydın Mirzəzadə 2015-ci ilin əsas hadisələrini şərh edərkən deyib.
Millət vəkilinin sözlərinə görə, il ərzində ikinci böyük hadisə parlament seçkiləridir.
A.Mirzəzadə hesab edir ki, bu il faciəvi hadisələr də baş verib: “Buna çoxmərtəbəli binanın yanması, eləcə də “Günəşli” yatağında baş verən güclü yanğın aiddir. Nəticədə insan itkiləri oldu.
2015-ci il eyni zamanda manatın devalvasiyası ilə yadda qaldı. Təbii ki, bu, iqtisadi zərurətdən irəli gələn bir məsələ idi”.
Millət vəkili Aqil Abbas isə bu ilin məhz onun üçün uğurlu olduğunu deyib: “2015-ci ildə I Avropa Oyunları keçirildi. Bu, ölkəmizin tanıdılmasında çox böyük rol oynadı. Düşünürəm ki, bu, xalqımız üçün ən yadda qalan hadisəsi oldu.
2015 millət vəkili seçilməyimlə mənim üçün də uğurlu, yaddaqalan bir il oldu”.
Millət vəkili Fazil Mustafa isə 2015-ci ilin ən aktual hadisəsini manatla əlaqələndirdi:
“Düşünürəm ki, 2015-ci ilin ən aktual hadisəsi manatla bağlı oldu. Digər tərəfdən bu il Qarabağ mövzusu ilə də yadda qaldı.
Parlament seçkilərini də ilin əsas xəbərləri siyahısına aid etmək olar. Ümumilikdə xarakterizə edəndə 2015-i uğurlu il hesab edirəm”.