Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Sarıcalı kəndində şəhid Mehdi Məmmədovun ailəsində olub, onların problemləri və qayğıları ilə maraqlanıblar.
Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində Tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhramanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.
Məmmədov Mehdi Elçin oğlu 6 aprel 2002-ci ildə Tərtər rayonunun Sarıcalı kəndində dünyaya gəlib.
Mehdi Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış-Suqovuşan uğrunda gedən döyüşlərdə savaşıb. 13 okytabr 2020-ci ildə Tərtər rayonu Suqovuşan kəndi istiqamətində düşmən tərəfindən atılan artilleriya atəşi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Məmmədov Mehdi Elçin oğlu ölümündən sonra "Ağdamın azad olunması", "Suqovuşanın azad olunması" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Vertikal.az