Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun İsmayılbəyli kəndində keçirilib.
Qəbulda YAP rayon təşkilatının sədri Eldar Əsədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyub.
Rayon rəhbəri qəbulda möhtərəm Prezident cənab İlham Əliyevin 10 may 2023-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyi münasibətilə Şuşa şəhərindən xalqa müraciətindən, respublikamızın hər yerində olduğu kimi rayonumuzda da “Heydər Əliyev ili” çərçivəsində keçirilmiş və keçiriləcək tədbirlərdən, may ayının 10-da tərtərlilərin Ulu Öndərin abidəsini ziyarət edərək dahi rəhbərə ümumxalq məhəbbəti nümayiş etdirmələrindən, bu münasibətlə mərkəzi meydanda tanınmış müğənnilərin iştirakı liə təşkil edilmiş konsert proqramı və atəşfəşanlıqdan danışıb. O, ölkə rəhbərinin Şuşa şəhərindən Azərbaycan xalqına müraciətindən bu sözləri xatırlatdı:”Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik...
...Tapşırıq yerinə yetirildi: məruzə edir Ali Baş Komandan İlham Əliyev”
Sonra icra başçısı ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, ölkə rəhbərinin Novruz bayramında Talış kəndinə səfərindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
Rayon rəhbəri aprelin 23-də Azərbaycanın tarixində ən əlamətdar bir tarix kimi yaddaşlara həkk olunduğunu bildirib. Qeyd olunub ki, həmin tarixdə Azərbaycan tərəfindən Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin əraziləri üzərində süverenliyinin növbəti təsdiqidir. Bununla yanaşı, Cənubi Qafqazda sülhün, sabitliyin, rifahın, əmin-amanlığın təməlinin qoyulması istiqamətində mühüm addımdır.
Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, İsmayılbəyli kəndinin 1220 hektar ərazisi, 388 təsərrüfatı, 1612 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 mədəniyyət evi, 1 kitabxana, 1 körpələr evi-uşaq baxçası, 9 ticarət, 3 iaşə və 1 məişət xidməti obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su ilə təmin olunub.
Sakinlər 620 baş iribuynuzlu, 827 baş xırdabuynuzlu heyvan, 4084 baş quş, 61 arı ailəsi saxlayırlar.
Son üç ildə İsmayılbəyli kəndində 1 ədəd subartezian quyusu qazılıb əhalinin istfadəsinə verilib, 1 ədəd subartezian quyusunun qazılması davam edir, magistral və kəndarası yollara 110 ədəd şam ağacı əkilib, məişət tullantılarının atılması üçün 2 ədəd iri həcmli quyu qazılıb, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Rəsul Səfərov yeni qazılan subartezian quyusunda aparılan işlərin tezləşdirilməsi, İlqar Quliyev kəndə gələn su arxına qapının qoyulması, Eltac Bəhrəmli işlə təmin olunma və kəndin içməli su problemi ilə bağlı, Pərvin Kərimli kəndin daxili yollarının təmiri və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.