Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndəliyin Qazyan kəndində keçirilib.
Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının sədri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyub.
Rayon rəhbəri qəbulda möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, ölkə rəhbərinin Novruz bayramında Talış kəndinə səfərindən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, aprelin 11-i ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərinə qarşı törətdiyi təxribatdan danışıb, Azərbaycan Ordusunun şəhid olan hərbiçilərinə rəhmət diləyib, yaralılara tezliklə öz sağlamlıqlarına qovuşmağı arzulayıb. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib.
Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Qazyan kəndinin 1135 hektar ərazisi, 194 təsərrüfatı, 891 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 tibb məntəqəsi, 1 kitabxana, 3 ticarət, 2 iaşə və 2 məişət xidməti obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su ilə təmin olunub.
Sakinlər 663 baş iribuynuzlu, 1187 baş xırdabuynuzlu heyvan, 4633 baş quş saxlayırlar.
Qazyan kəndində son üç ildə Tərtər-Qazyan-Hüsənli yolunun 10-km-lik məsafəsinə yeni asfalt çəkilib, kəndarası yollar təmir olunub, əkin sahələrinə gedən su arxları 2 km məsafədə lildən təmizlənib, kənd ərazisində 2200 ədəd çəkil tingi əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.Hazırda kənddə 50 yerlik yeni körpələr evi-uşaq bağçası binası tikilir.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Nəriman Əliyev suvarma suyu üçün yeni subartezian quyusunun qazılması, Lalə İsmayılova suvarma suyu ilə təminat, Şahin Cəfərov məişət tullantılarının təmizlənməsi, Müşviq Axundov internetin sürətinin artırılması ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Vertikal.az