Tərtərdə avtomobil yolları işçilərinin peşə bayramı qeyd olunub
Tarix: 28-02-2023, 10:18 | Çap et


Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon Təşkilatının sədri Eldar Əsədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 42 və 54 №li Yol İstismarı MMC-nin kollektivləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu öndər Heydər Əliyevin abidəsinin və Şəhidlər Abidə kompleksinin önünə gül dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.
Sonra tədbir YAP Tərtər Rayon Təşkilatının iclas zalında davam etdirilib.
Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov avtomobil yolları işçilərini peşə bayramı münasibəti ilə təbrik edib və onlara işlərində uğurlar diləyib.



Rayon rəhbəri bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur. Artıq 15 ildir peşə bayramını qeyd edən avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qurulmasıdır.
İcra başçısı rayonumuzda da yol infrastrukturunun yenidən qurulması işlərindən də danışıb. Qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan 42 №li Yol İstismarı MMC-nin balansında 270 km avtomobil yolu, 16 körpü var. Həmin yolun 79 km-i respublika, 191 km-i isə yerli əhəmiyyətlidir.



Rayon rəhbəri müharibədən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan 54 №li Yol İstismarı MMC tərəfindən uzunluğu 28,5 km olan Tərtər-Çaylı-Suqovuşan-Talış ikinci dərəcəli avtomobil yolunun tamami ilə yenidən qurulduğunu, uzunluğu 33,5 km olan Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkən-Hüsənli, uzunluğu 10 km olan İsmayılbəyli-Evoğlu, uzunluğu 3,6 km olan Kəngərli, uzunluğu 5 km olan Hacıqərvənd, uzunluğu 11 km olan Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli kəndlərarası avtomobil yollarının əsaslı təmir olunaraq asfalt örtüyü qoyulduğunu bildirib. Qeyd edib ki, şəhərdə müharibədən zərər çəkmiş küçələrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan 54 №li Yol İstismarı MMC-i tərəfindən 288 min kvadratmetr, rayon icra hakimiyyəti tərəfindən isə 77590 kvadratmetr asfalt örtüyü salınıb.
Tədbirdə YAP rayon Təşkilatının sədri Eldar Əsədov və 42 №li Yol İstismarı MMC-i rəisi Ramin Bayramov çıxış edərək yol işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, öz ürək sözlərini bildiriblər.
Sonda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan 42 və 54 №li Yol İstismarı MMC-nin işində fərqlənən bir qrup əməkdaşı Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlarla təltif olunub.

Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net