Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə şəhid Hacıyev Qubad Cəmil oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhid Hacıyev Qubad Cəmil oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıblar.
Görüşdə rayon rəhbəri Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlardan, bu təxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusunun şəhidlər verməsindən söhbət açıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfər kimi yenə də Azərbaycan əsgəri düşmənə layiqli cavablar verir. İcra başçısı 44 günlük Vətən müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən də söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır.
Qubad Hacıyev 1988-ci il may ayının 19-da Tərtər şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Qubad Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qubad Hacıyev sentyabrın 27-də Ağdərə istiqamətində şəhid olub. Yevlax rayonunun Nəmirli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Qubad Hacıyev ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin ailəsi şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Vertikal.az