Astarada vətəndaşlar dəniz üzünə də HƏSRƏT QALIB... - İcra hakimiyyəti isə deyir ki...
Tarix: 15-02-2022, 14:40 | Çap et
Astarada vətəndaşlar dəniz üzünə də HƏSRƏT QALIB... - İcra hakimiyyəti isə deyir ki...

Artıq bir çox illərdir ki, Astara şəhərinin ərazisində Xəzər sahilinin hasarlanması davam edir. Yerli sakinlərin "deputatların çimərliyi" adlandırdıqları yerlərdə Xəzərə çıxış qapadılıb. Hasar çəkilib, dəmir darvaza qoyulub. Elə yerlər var ki, hasar suyun içinə qədər hörülüb. Xəzərə açılan dəmir qapının üstündə kilid var. Nəzarətçinin deməsinə görə, kim dənizə getmək istəyirsə, qapını açırlar…

DİA.AZ xəbər verir ki, Xəzər sahilindən İrana gedən nəqliyyat yolunun bir tərəfində restoranlar, mehmanxanalar, evlər tikilib. Yerli sakinlərin demələrinə görə, çimərlik mövsümündə dənizə çıxmaq çətinləşir.

"Sahilə düşmək istəyirdim, imkan vermədilər..."
"Mən dənizə yaxın yerdə yaşayıram. Yayda nəvələrimlə parka getmişdim, dəniz sahilinə düşmək istəyirdim, imkan vermədilər. Vaxtilə həmin yerlər boş idi, dənizə rahat enə bilirdik". Bu sözləri Astara şəhər sakini Həsənağa Məmmədov deyir.

O, daha sonra da əlavə edir: "Bəzi yerlərdə dənizə çıxış var. Həmin yerlərdə çimmək mümkün deyil. Park salıblar, amma burada yayda xidmət bahadır. Yayda dayanacaqlardan pul alırlar, halbuki, park dövlətin hesabına inşa edilib. İstəyirik ki, növbəti çimərlik mövsümünə qədər burada qayda yaratsınlar. Narahatçılıq doğuran hal odur ki, dəniz hasarlanır".

"Yazdıq prezidentə"
Astara şəhərinin başqa bir sakini Zabir Ağayev də deyir ki, dənizin hasarlanması və çimərliklə bağlı ölkə başçısına müraciətləri olub: "Dəniz sahilində uzunluğu 70 metr olan çimərlik qalıb. 100 mindən çox əhalisi olan Astara rayon sakinləri neçə illərdir ki, həmin çimərlikdən istifadə edirdilər. Gördük ki, o çimərliyi də zəbt edirlər. Yazdıq prezidentə. Cavab Astara Rayon İcra Hakimiyyəti Aparatından gəldi. Bildirdilər ki, həmin yer dövlət çimərliyidir, heç kim oranı zəbt edə bilməz. Müxtəlif qurğular qurublar...".

"Burda mənzillər Bakıdakı mənzillərdən də bahadır"
Adının çəkilməsini istəməyən bir Astara şəhər sakinin deməsinə görə isə, yüksək vəzifəli məmurlar ərazidə villalar inşa ediblər: "Burda mənzillər Bakıdakı mənzillərdən də bahadır. Kim onları alır?! Biz ala bilmirik".

Ərazidə gözətçilərdən başqa kimsə gözə dəymir. Amma tikinti işləri davam edir. Tikintini aparan məsul şəxslərdən və mövcud qurğuların sahibləri ilə isə danışmaq mümkün olmayıb.

Astara Şəhər Bələdiyyəsindən bildiriblər ki, dəniz sahilinə onlar nəzarət etmir. Astara şəhər inzibati ərazi nümayəndəliyindən rayon icra hakimiyyətinə müraciət etməyi məsləhət gördülər.

İcra hakimiyyəti: "Heç kimə dənizə getməyə qadağa qoyulmayıb"
Astara Rayon İcra Hakimiyyətindən isə bunları bildirdilər: "Oraya şirkət nəzarət edir, onların balansındadır. Dənizin mühafizə zolaqları var, nəzərə alınmalıdır. Orda kölgəliklər düzəldiblər, insanların rahatlığı üçündür. Dəniz kənarında olan mülklər şəxsi mülkiyyətdir, amma dənizə çıxış var. Heç kimə dənizə getməyə qadağa qoyulmayıb. Oralarda tikinti işləri aparanda sənədlərə baxırıq".

Amma icra hakimiyyətindən hər hansı bir ad çəkilməyib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net