Tərtər rayonunun Seydimli kənd körpələr evi-uşaq bağçasında bayram şənliyi keçirilib
Uşaqlar bayram tədbirinə xüsusi hazırlaşıblar. Əvvəlcə bağçanın müdiri Hicran Hüseynova uşaqları Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni təqvim ilinin başlanması münasibəti ilə təbrik edib, onlara sülh, əmin-amanlıq, firavan həyat arzulayıb. Şaxta baba və Qar qızın şənliyə gəlməsi balacaları çox sevindirib. Onlar yolkanın başına toplaşaraq Şaxta babaya, Qar qıza öyrəndikləri şeirləri, mahnıları oxuyub, onlarla rəqs edərək əylənib, maraqlı kompozisiyalar nümayiş etdiriblər.
Tədbirdə Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov da iştirak edib. Rayon rəhbəri uşalqarı bayram münasibəti ilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycanda uşaqların vətənpərvərlik ruhunda böyüməsinə xüsusi diqqət göstərilir.
Bayram şənliyində Seydimli kənd körpələr evi-uşaq bağçasının adını daşıdığı şəhid Əli Vəliyevin yeganə övladı olan Cavidin oğlu Əli Vəliyevin ad günü də qeyd olunub. Şəhid babasının adını daşıyan 5 yaşlı Əli Vəliyevi bağçanın kollektivi ad günü münasibəti ilə təbrik edərək balacalarla birgə onun ad günü tortunu kəsiblər.
Bayram şənliyi maraqlı və yaddaqalan olub. Tədbirdə xatirə şəkilləri çəkilib.
Vertikal.az