Torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş vətən oğullarının adlarının əbədiləşdirilməsi məqsədilə Tərtər şəhərində növbəti 3 küçəyə qəhrəmanlarımızın adları verilib.
Bu münasibətilə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhidlərin ailə üzvləri iştirak ediblər.
Küçələrə şəhidlərin adlarının verilməsi münasibətilə keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ötən il sentyabrın 27-də başlanan və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb, bu Qələbənin qəhrəman hərbçilərimizin qanı, canı bahasına başa gəldiyini vurğulayıb. Bildirib ki, bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.
Şəhidlərin yaxınları göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Tərtər şəhərinin üç küçəsi artıq bu gündən etibarən şəhidlik zirvəsinə ucalan “3-cü dərəcəli “Vətənə xidmətə görə” Ordeni ilə təltif edilmiş Sənan Məmmədlinin, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmiş Qənbər Qənbərlinin və Azər Şəmilovun adlarını daşıyır.
Tərtərdə şəhid adlarının əbədiləşdirilməsi rayon sakinləri tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanıb.
Vertikal.az