Ermənistan Müdafiə Nazirliyi iyulun 14-də qatı duman şəraitində Azərbaycanla sərhəddə, Laçın rayonundakı Qaragöl ətrafında itkin düşən iki hərbi qulluqçusunu hələ də tapa bilməyib.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, nazirlik hərbi qulluqçular Artur Nalbəndyan və Aramais Torozyanın axtarışlarının nəticə vermədiyini bildirib.
“Hələ xəbər yoxdur. Axtarış işləri davam edir, o cümlədən Rusiya tərəfinin vasitəçiliyi ilə”,-Müdafiə Nazirliyindən belə deyiblər.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi bildirmişdi ki, hərbçilərin Azərbaycan tərəfinə keçə biləcəyi ehtimalı nəzərə alınaraq Rusiya tərəfinin vasitəçiliyi ilə müzakirələr aparılır. Bildirilir ki, Nalbəndyan və Torozyan itkin düşərkən silahsız olublar.
Erməni ekspert, “Enekt” analitik mərkəzinin rəhbəri Tiqran Abramyan deyir ki, ölkənin hərbi-siyasi rəhbərliyi 12 gündür iki hərbçinin taleyi ilə bağlı heç bir tutarlı məlumat verə bilmir. Bu da Ermənistan ordusundakı acınacaqlı vəziyyəti bir daha ortaya qoyur.
Abramyan bu insidenti dövlət sərhədinin Laçın-Kəlbəcər istiqamətində yerləşdirilmiş erməni bölmələrinin hansı acınacaqlı vəziyyətdə olduğu barədə cəmiyyətə “təhlükəli siqnal” göndərdiyini qeyd edir. Bildirir ki, hakimiyyət guya orduda islahatlar apardığını bildirir, əvəzində isə, digər sahələrdə olduğu kimi, ordunun da “sıfırlanması” prosesi gedir.
Telegram
Bizim Telegram kanalımıza abunə olun