Qarabağ ermənilərinə muxtariyyət, yoxsa etnik-dini azlıq statusu veriləcək?
Tarix: 29-06-2021, 17:09 | Çap et
Qarabağ ermənilərinə muxtariyyət, yoxsa etnik-dini azlıq statusu veriləcək?
Erməni əsilli Amerika tarixçisi Jirayr Liparityan “eurasianet.org” saytına verdiyi açıqlamda deyir: “Qarabağ erməniləri ərazi baxımından hər hansı növ muxtariyyətə sahib olacaqmı? Yoxsa Azərbaycan Qarabağdakı erməniləri mədəni hüquqlara sahib olan etnik-dini azlıq hesab edəcək?”

1993-cü ildə Ermənistan xarici işlər nazirinin birinci müavini, 1991-1994 və 1994-1997-ci illər ərzində Ermənistan Prezidentinin (Ter-Petrosyan) siyasi analiz məsələləri üzrə müşaviri, Ermənistan Təhlükəsizlik Şurasının katibi və xüsusi tapşırıqlar üzrə elçisi vəzifələrində çalışmış Jirayr Liparityan ortaya qoyduğu bu kimi suallara hər hansı cavabı olmadığını deyir. O, əlavə edir ki, bu məsələnin həlli ilə bağlı “nə Rusiya, nə də Azərbaycan tələsmir”.

Carey Cavanaugh istefada olan diplomatdır. O, 2000-ci illərdə ABŞ-ın Minsk Qrupundakı həmsədri olub. Onun baxışına görə, hazırda Qarabağda “qeyri-stabil sülh hökm sürür”.
Leyla Əliyeva Milli Şuradakı fəaliyyətini dayandırdı

Oksford Universitetinin Qlobal və Bölgə Tədqiqatları Mərkəzini təmsil edən politoloq Leyla Əliyeva isə Minsk Qrupunun sərt tənqidçisidir. O deyir: “Onların heç birinə (Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya) bitərəf deyilə bilməzdi”. Belə ki, Minsk Qrupu çərçivəsində gedən danışıqlar zamanı müsəlman Azərbaycana nisbətdə xristian Ermənistana üstünlük verilirdi. Nəticədə, bir çox azərbaycanlının gözündə “Qərb etimadını itirib”. Adı çəkilən sayta açıqlamasında mühacirətdə yaşayan politoloq belə deyib. Qeyd edim ki, bu fikir son dərəcə önəmlidir. Qərb politoloqları bu fikirlə razılaşmağa o qədər də meylli deyillər. Ən yaxşı halda, bu fikrdə olan həqiqəti dolayısı ilə etiraf edirlər.

Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisi Tomas de Vaal isə bu məsələyə fərqli prizmadan yanaşır. O, Minsk Qrupunu “çoxtərəfli diplomatiyanın qəbiristanlığı” adlandırır, Minsk Qrupunun heç vaxt uğur qazanma şansı olmadığını bildirir. Çünki Ermənistan və Azərbaycan danışıqlar zamanı məsələyə “maksimalist mövqedən” yanaşırdılar.

Tomas de Vaal: - “Erməni cəmiyyəti belə qəfil çöküşə qəti hazır deyildi” | Eurasia Diary

Gördüyünüz kimi, Tomas de Vaal danışıqların uğursuzluğa düçar olmasının səbəbini Ermənistan və Azərbaycanın üstünə atır. Üstəlik, o, “maksimalist mövqe” məsələsində tərəfləri eyni səviyyədə məsul hesab edir. Halbuki bu, belə deyil. Azərbaycan Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək statuslu muxtariyyət vəd etmişdi. Ermənistan isə Dağlıq Qarabağa dövlət statusu tələb edirdi. Laçın və Kəlbəcəri də geri vermək istəmirdi. Bax, Tomas de Vaalin yanaşması Leyla xanımın vurğuladığı “xristian həmrəyliyi”ndən doğan yanaşmaya bir örnək hesab oluna bilər.

Leyla Əliyeva təklif edir ki, Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ ermənilərinə imkan vermək lazımdır ki, onlar özləri öz aralarında bu problemi həll etsinlər. Təbii ki, bu yanaşma Qərb üçün məqbul deyil. Çünki Qərb prosesə müdaxilə imkanından vaz keçmək istəmir. Ermənistan da buna razı deyil. Çünki rəsmi İrəvan həmişə Qərbdən “xristian həmrəyliyi”ndən doğan dəstək alıb. Ona görə də Ermənistan bu işdə Qərbin yer almasında son dərəcə maraqlıdır.

Tomas de Vaal deyir ki, Rusiya birtərəfli qaydada tərəflər arasında atəşkəs əldə olunmasına nail oldu. Lakin Moskvanın təkbaşına tərəflər arasında sülh sazişinin imzalanmasına nail olacağı inandırıcı görünmür. Ermənistanla Azərbaycanın vasitəçi olmadan öz aralarında bu problemi həll edəcəyi də inandırıcı görünmür. O, hesab edir ki, Qarabağın və ətrafındakı Azərbaycan ərazilərinin yenidən qurulmasına görə ciddi maddi vəsait lazımdır. Ermənistan və Azərbaycanın isə elə bir imkanı yoxdur.

Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisisi hesab edir ki, Qərb Dağlıq Qarabağla bağlı prosesdən kənarda qalıb. Ancaq ABŞ və Avropa Birliyinin güclü maliyyə imkanları var. Böyük bir ərazidə isə yenidənqurma işləri görülməlidir. Yəni, Qərb yenidənqurma işlərinə əl qoymaqla prosesə yenidən təsir (təzyiq) imkanları əldə edə bilər.

Elbəyi Həsənli, Sürix
https://eurasianet.org/which-way-to-a-durable-peace-in-karabakh




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net