Gürcüstan hökuməti karantin cərimələrini ləğv edir: 24 milyon dollar
Tarix: 25-06-2021, 20:22 | Çap et
Gürcüstan hökuməti karantin cərimələrini ləğv edir: 24 milyon dollar

Qərar 245 mindən çox sakini və 344 hüquqi şəxsi əhatə edəcək

Gürcüstan hökuməti karantin qaydalarının pozulmasına görə əhaliyə yazılan və ödənməyən cərimələrin ləğv edilməsi qərarı verib.

Bu barədə açıqlama verən Baş nazir İrakli Qaribaşvili ödənməmiş cərimələrin ümumi məbləğinin hardasa 76 milyon lari (təxminən 24 milyon dollar) olduğunu söyləyib: "Cərimələrin ləğvi qərarı Gürcüstanın 245 mindən çox sakinini və 344 hüquqi şəxsi əhatə edəcək. Karantin qaydalarını pozan vətəndaşlar həm inzibati, həm də cinayət məsuliyyətindən azad ediləcəklər”.

Azərbaycanda da epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, (İnzibati Xətalar Məcəlləsi, Maddə 211) fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə edilir.

Yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs, hüquqi şəxslər də 4000 manatdan 10000 manatadək cərimə edilə bilər.

2020-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 74 min işə baxılıb.

Mayın 3-də Dövlət Statistika Komitəsinin yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, bu, 2019-cu ilin göstəricisindən 16.8 faiz çoxdur. Onların 36.7 faizi idarəçilik, 28.3 faizi ictimai, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 5.2 faizi də yol hərəkəti qaydalarına aid olub.

DSK bildirir ki, 2020-ci ildə baxılan işlərin 74 faizinə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 18.4 faizinin icraatına xitam verilib, 6.6 faizi üzrə materiallar əlavə yoxlama üçün qaytarılıb, 1 faizi ilə bağlı isə materiallar aidiyyəti üzrə göndərilib: "...Məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 33.4 faiz artaraq 54.8 min nəfər olub. İnzibati məsuliyyətə cəlb edilən şəxslərin 48.6 faizinə cərimə, 16.6 faizinə fiziki şəxsə verilən xüsusi hüququn məhdudlaşdırılması, 16.5 faizinə inzibati həbs, 1.5 faizinə ictimai işlər tətbiq edilib".

İnsanlar sosial şəbəkələrdə karantin qaydalarının pozultusuna görə cərimələrinin ödənməsini ASAN Xidmət Mərkəzlərində sənəd alarkən qarşılarına tələb kimi qoyulduğunu bildirirlər.

Daxili İşlər Nazirliyinin (DİN​) Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev bu yaxınlarda yerli mediaya açıqlamasında bildirmişdi ki, karantin rejimini pozanlara tətbiq olunan cərimələr bütün hallarda ödənilməlidir: "İnzibati xəta tərkibli bu halla bağlı barəsində inzibati xəta haqqında protokol tərtib olunan şəxs inzibati tənbeh tədbirində tətbiq olunan o cərimə məbləğini ödəməlidir. Bu, qanunvericiliyin tələbidir. Gecikdirilmiş cəriməyə görə əlavə ödəniş, yaxud faiz tətbiq olunmur. Sadəcə ödənilmədiyi halda probasiya xidmətinə yönəldilir”.

Elşad Hacıyev deyib ki, pandemiya şəraitində mövcud karantin rejimi qaydalarının qorunması və gözlənilməsi hər kəsə şamil olunan məsələdir.

Tibbi maskadan istifadə ilə bağlı normalar müəyyən olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın açıq havada tibbi maskalardan istifadə ilə bağlı qərarı ləğv olunsa da, hazırda qapalı məkanlarda maskadan istifadə və sosial məsafənin gözlənilməsi qüvvədə saxlanılıb: "Yəni bütün qapalı məkanlarda nəzərdə tutulub. Qaydalara əməl etməyən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunduqda onlar barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür”.

Azərbaycanda koronavirus pandemiyasi ilə bağlı 2020-ci il martın 24-dən karantindir. Ancaq son zamanlar Azərbaycanda rəsmi rəqəmlər koronavirusa yoluxma və ya xəstəlikdən ölüm sayının azaldığını göstərir və buna görə də hökumət karantin rejimi qaydalarında bəzi yumşalmalara gedib. Buna açıq havada maska məcburiyyətinin ləğvi, ticarət mərkəzlərinin və metronun açılması, iyulun 1-dən isə toy məclislərinə müəyyən qaydalar çərçivəsində icazə verilməsi daxildir.

Gürcüstanda isə iyunun 22-dək açıq havada maska taxmaq məcburi idi. İki gündür ki, bu qadağa götürülüb və iyulun 1-dən etibarən tətbiq edilən komendant saatı da ləğv edilir.

Maska qaydasını pozan vətəndaşlar ilk dəfə 20 (3,20 dollar), təkrar pozuntuya görə 40 lari (6.40 dollar) cərimələnirdi.

Təcrid və karantin qaydaları pozan vətəndaşlara 2000 (636 dollar), hüquqi şəxslərə isə 10 000 lari (3200 dollar) məbləğində cərimə yazılırdı.

Gürcüstan qanunlarına görə, karantin tədbirlərinin dəfələrlə pozulması cinayət məsuliyyəti yaradırdı.

COVID 19 virusu 2019-cu ilin sonlarında Çində yaranıb və dünyaya yayılıb.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.///Meydan TV




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net