Tərtərdə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilir
Tarix: 25-06-2021, 09:23 | Çap et
Tərtərdə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilir

Rayon ərazisində yerləşən N saylı hərbi hissələrdə Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunan tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək əsgər və zabitləri 26 iyun-Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Azərbaycanda ordu quruculuğu prosesindən, xalqımızın ümummilli lideri Heydər Əliyevin ordu quruculuğunda xidmətlərindən bəhs edib. Bildirib ki, müasir Azərbaycan Ordusunun müəllifi ümummilli lider Heydər Əliyevdir. Ulu Öndərin ötən əsrin 70-ci illərində yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Lisey ordumuzun inkişafında böyük rol oynayıb.

Tərtərdə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilir

Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olunub. Ulu Öndərin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub.
Prezidentimizin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Bunun nəticəsində ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əks-hücum əməliyyatları ilə başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu düşmən işğalı altında olan torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa edib.
Rayon rəhbəri vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsi dövründə məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəridə daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Bunun nəticəsində 16 nəfər mülki şəxs şəhid olub, 63 nəfər isə yaralanıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

Tərtərdə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilir


Tədbirdə digər çıxış edənlər də Vətənimizin müdafiəçilərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, bildiriblər ki bu gün güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və s. vasitələrlə təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının təzahürüdür.
Sonda rayon icra hakimiyyətinin başçısı tərəfindən xidmətdə fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net