Tərtər rayonunda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib
Tarix: 25-06-2021, 09:15 | Çap et
Tərtər rayonunda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib

İyunun 23-də Tərtər rayonunda xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
Konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının sədrinin birinci müavini, iqtisad elimlər doktoru, professor Vahid Novruzov, rayon Ağsaqqallar Şurasının üzvləri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Rayon Gənclər Mərkəzinin akt zalında davam edən tədbirdə Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyevin, Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman şəhidlərimizin, həmçinin hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tərtər rayonunda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını salamlayıb və ağsaqqal hərəkatının tarixindən, respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından, ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan danışıb, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsi və məsləhətinin xüsusi əhəmiyyət kəsb etdiyini, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözünün, xeyir-duasının həmişə ən ali həyat məramı olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və Rəşadətli ordumuzun qüdrəti ilə 44 gün ərzində erməni işğalçılarının tarixi ərazilərimizdən çıxarılmasının əhəmiyyətini qeyd edib. Ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini diqqətə çatdırıb, rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirak etməsinin vacibliyini vurğulayıb.
Respublika Ağsaqqallar Şurasının sədrinin birinci müavini, iqtisad elimlər doktoru, professor Vahid Novruzov çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunmasında ağsaqqallara hər zaman böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb. Natiq çıxışında Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə məlumat verib, yeni seçiləcək heyətə uğurlar arzulayıb.
Konfransda rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev çıxış edərək konfranslararası dövrdə görülən işlər barədə ətraflı hesabat verdi. Ağsaqqallardan Rauf Həsənzadə, Ələddin Süleymanov, Mənsim Allahverdiyev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdilər.
Sonda təşkilati məsələlərə baxıldı, Tərtər Rayon Ağsaqqallar Şurasının Əsasnaməsi təsdiq edildi, Məmmədov Faiq Mərdan oğlu Şuranın sədri, həmçinin İdarə heyətinin və Təftiş komissiyasının yeni tərkibi seçildi.

Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net