Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində səslərin sayılması prosesi başa çatıb. Ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, Baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası səslərin 53.9 %-ni toplamaqla qalib gəlib.
Ermənistanın eks-prezidenti Robert Koçaryanın “Ermənistan” bloku isə 21% səs toplayıb. “Çiçəklənən Ermənistan” 3.9, digər siyasi qüvvələr isə səslərin 15.7 faizini toplayıb. Qeyd edək ki, Nikol Paşinyan Sünik (Zəngəzur) və İrəvan da daxil olmaqla, Ermənistanın bütün bölgələrində qalib gəlib.
Xatırladaq ki, Ermənistan parlamenti 105 deputatdan ibarət tərkibdə fəaliyyət göstərir. Seçkilər yalnız proporsional qaydada, yəni partiya və siyasi bloklar arasında keçirilir. Parlament respublikası olduğuna görə, həm Baş nazir, həm də məhdud səlahiyyətlərə malik Prezident qanunverici orqan tərəfindən seçilir.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi qələbəsindən sonra Ermənistanda Nikol Paşinyana qarşı etirazlar artdı və nəticədə o, istefa verərək, növbədənkənar parlament seçkilərinə getdiyini bəyan etdi. Rusiyaya yaxınlığı şübhə doğurmayan və “Qarabağ klanı” adlandırılan qruplaşmaya rəhbərlik edən Robert Köçəryan hər vəchlə yenidən iqtidara gəlməyə can atsa da, buna nail ola bilmədi.
AYNA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib ki, Paşinyanın seçkilərdə qalib gələcəyi gözlənilən idi: “Əslində bu nəticələr Ermənistan xalqının müharibə istəmədiyini nümayiş etdirir. Ermənistan ictimaiyyəti hərbi cinayətlərə imza atan “Qarabağ klanı”na “yox” dedi. Həm Robert Köçəryan, həm də Serj Sarqsyan iqtidarda olub və yarıtmaz fəaliyyət göstəriblər. Eyni zamanda qonşu dövlətlərə qarşı əsassız ərazi iddiaları qaldıraraq, öz dövlətini bütün regional iqtisadi layihələrdən kənarda qoyublar. Məhz bu səbəbdən Ermənistan əhalisi ciddi sosial-iqtisadi problemlərlə üzləşib. Nəhayət, erməni xalqı anlayır ki, işğalçılıq siyasəti onlara xeyir gətirmir və bu səbəbdən yenidən Paşinyana etimad göstərdilər”.
“Lakin seçkilər hələ bitməyib. Köçəryan, o cümlədən Sarqsyanın partiyası seçkilərin nəticələrini tanımaq barədə qərar verməyiblər. Böyük ehtimalla, bu qərarı verməyəcəklər də. Eyni zamanda, digər iştirakçılar da oxşar addımlar ata bilərlər. Hazırda çox fərqli bəyanatlar verirlər. Porsesləri izləmək lazımdır”, - deyə deputat bildirib.
Mollazadə istisna etmir ki, hər zaman olduğu kimi, bu hərbi cinayətkar qruplaşma siyasi deyil, digər yollardan istifadə edə bilər: “Bu, terror da ola bilər, hərbi müdaxilə də. Çünki onlar başa düşdülər ki, uzun illərdir cəmiyyəti saxta və şirnikləndirici vədlərlə aldatmaq mümkün deyil. Xalqdan dəstək almadıqlarına görə, yenidən cinayətə əl atacaqları istisna olunmur. Son seçkilər Ermənistan cəmiyyətinin normal dövlətə çevrilmək istəyinin təzahürü idi. Cəmiyyət korrupsiyaya, talançılığa qarşı dayandığını, həmçinin kommunikasiyaların açılmasında maraqlı olduğunu nümayiş etdirir. Bu isə heç bir halda “Qarabağ klanı” üçün qəbul edilən deyil”.
Həmsöhbətimiz Ermənistanın yaxın qonşularla normal əməkdaşlığa nail olmasını vacib sayır: “Bu, ilk növbədə Ermənistan xalqının özünə lazımdır. Məhz bu səbəbdən erməni xalqı tamamilə düzgün və doğru seçim etdi”.
Politoloq Fərhad Məmmədov da AYNA-ya şərhində qeyd edib ki, Paşinyanın partiyası seçkilərdə böyük üstünlüklə qalib gəlib və bu səbəbdən nəticələrin dəyişməsi gözlənilən deyil: “Seçkilərin nəticələrinə nəzər yetirsək, görərik ki, Paşinyanın rəhbəri olduğu partiya seçicilərin yarıdan çoxunun etimadını qazanıb. Paşinyanın partiyası ilə Köçəryanın siyasi bloku arasında səs fərqi kifayət qədər çoxdur. Bu xüsusda sonradan nəticələrin dəyişəcəyi inandırıcı deyil”.
“Onların səs faizləri arasında fərq az olsaydı, bu zaman müəyyən problemlər meydana çıxa bilərdi. Hətta ordunun prosesə müdaxiləsi, davamlı aksiyalar və s. ehtimallar ortada idi. Lakin Paşinyan demək olar ki, tam üstünlüklə qalib gəldi. Bu səbəbdən hökuməti də məhz o formalaşdıracaq. Hər hansı problemin yaranacağı qənaətində deyiləm. Ermənistan cəmiyyəti artıq müharibə istəmir və son seçkilər zamanı bu mövqeyini aydın şəkildə ortaya qoydu”, - deyə analitik vurğulayıb.
Müsahibimiz Paşinyanın çox çətin proqnozlaşdırıla bilən siyasətçi olduğunu söyləyib: “Ortada bununla bağlı çoxsaylı təcrübələr var. 2018-ci ilin sentyabrında Düşənbədə Prezident İlham Əliyevlə müəyyən razılaşmalar əldə etsə də, sonradan mövqeyini tam olaraq dəyişdi. Lakin onu da nəzərə almaq lazımdır ki, ötən ilin payızında Vətən müharibəsi zamanı Ermənistan ağır məğlubiyyətə düçar olub və bu, onlar üçün böyük dərs idi. Ermənistanda bəlkə də Paşinyan qədər ordunun vəziyyətini, ölkəsinin iqtisadi problemlərini bilən ikinci adam yoxdur. Digər tərəfdən, onun qalibiyyətinin bir komponenti də ondan ibarət oldu ki, 15 erməni diversantını mina xəritələrinin qaytarılması ilə əvəzləyə bildi. Erməni cəmiyyəti mesaj aldı ki, Paşinyan Azərbaycanla vasitəçilərin dəstəyi ilə olsa da, anlaşa bilir. Bütün bu amillər onun qələbəsini şərtləndirdi”.
Məmmədov əlavə edib ki, Paşinyanın qələbəsi Azərbaycanın da maraqlarına uyğundur: “Çünki ölkəmizin Paşinyanı hər hansı qərar verməyə məcbur etmək təcrübəsi var. Eyni zamanda Azərbaycanın gündəliyi mövcuddur və Prezident İlham Əliyev də bunu bəyan etdi. Ermənistanda dayanıqlı hökumət formalaşandan sonra böyük sülh müqaviləsi barədə danışıqlara Azərbaycan hazırdır”.
“Bu danışıqları aparmaq üçün əsas vacib məqam gələcək Baş nazirin parlamentə nəzarət etməsidir. Çoxluq hökumət başçısının tərəfində olarsa, bu halda həmin sənədin ratifikasiya olunması da asan olacaq. İndiki vəziyyətdə Paşinyan konstitusion çoxluğa malikdir. 105 nəfərlik Ermənistan parlamentinin 71 nəfəri onun siyasi partiyasının dəstəklədiyi namizədlərdir. Bu baxımdan bu məsələdə süni əngəllərin ortaya çıxması da inandırıcı görünmür”, - deyə siyasi şərhçi fikrini yekunlaşdırıb.