Şuşada “Xarıbülbül” festivalı çərçivəsində qala konsert keçiriləcək - Bu gün
Tarix: 13-05-2021, 08:43 | Çap et
Şuşada “Xarıbülbül” festivalı çərçivəsində qala konsert keçiriləcək - Bu gün
Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın əsrarəngiz Cıdır düzündə yenidən təşkil olunan “Xarıbülbül” musiqi festivalı bu gün qala konsertlə davam etdiriləcək.

“Report” xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünən başlayan festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğunu, hər bir vətəndaşın da bu torpaq uğrunda yaşadığı ideyasını çatdırıb.

Festivalın birinci günündə əfsanəvi Bülbülün, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın Azərbaycanı və Qarabağı vəsf edən unudulmaz ifalarının videoyazıları da nümayiş olunub.

“Xarıbülbül” musiqi festivalının birinci günü Xalq artisti Polad Bülbüloğlunun özünün bəstələdiyi “Azərbaycan - Odlar yurdum mənim” və “Şən Azərbaycan” mahnılarının ifası ilə başa çatıb.

Festival zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan “Əbədi imzalar” layihəsi təqdim olunub. Layihə çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notları ilk dəfə toplu halında nəşr edilib. Topluya daxil edilən əsərlərin bir çoxu ilk dəfə işıq üzü görür. Heydər Əliyev Fondunun layihəyə cəlb etdiyi peşəkar heyətin iştirakı ilə əsərlər redaktə prosesindən keçib, Azərbaycanın və digər ölkələrin arxivlərində əsərlərin notları araşdırılıb, həmçinin bəstəkarların varislərinin iştirakı ilə müəlliflərin əlyazmaları üzrə müqayisələr aparılaraq seçilib və yenidən redaktə edilərək nəşr olunub.

Topluda Azərbaycan bəstəkarlıq məktəbinin 6 görkəmli nümayəndəsinin - Asəf Zeynallı, Cövdət Hacıyev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi və Vasif Adıgözəlovun əsərlərinin notları yer alıb.

Qeyd edək ki, “Xarıbülbül” musiqi festivalı ərəfəsində Heydər Əliyev Fondu tərəfindən, həmçinin “Xarıbülbül” beynəlxalq incəsənət festivalı təşkil olunub. İncəsənət festivalı zamanı xarıbülbül maketləri hazırlanıb və 13 ölkəni - Azərbaycan, Türkiyə, Pakistan, Estoniya, İordaniya, İraq, İsrail, Latviya, Mərakeş, Niderland, Rumıniya, Ukrayna və Yunanıstanı təmsil edən 32 rəssam - Anar Yolçiyev, Anastasia Tarasenko, Andris Vitolins, Dina Oskilko, Leyla Əliyeva, Nikole Bukrejeva, Rəhiməxanım Hacıyeva, Sare Kural, Yelena Haqverdiyeva, Zöhrab Salamzadə və digərləri Ermənistanın işğalından azad olunan ərazilərimizdə gördüklərini, yaşadıqları hissləri maketlərin üzərində çəkdikləri rəsm əsərləri ilə ifadə ediblər. Rəssamlar bu əsərləri Vətən müharibəsində əldə olunan Zəfərimizdən ruhlanaraq ərsəyə gətirib. Əsərlər “Xarıbülbül” musiqi festivalı zamanı Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşada sərgilənib.

Xatırladaq ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin mayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil edilib. Həmin il festival Ağdam rayonunun Abdal Gülablı kəndindən başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatmışdı. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırdığı vaxtda festivalın Şuşa şəhərində keçirilməsi həm də bu ərazilərin əsl sahiblərinin azərbaycanlılar olmasına dair verilən bir mesaj idi. 1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilsə də, düşmən tapdağı altında qalan ərazilərimiz ötən müddətdə yerlə-yeksan olunsa da, Vətən müharibəsində əldə edilən Zəfər nəticəsində bu torpaqlarda həyat yenidən dirçəlməyə başlayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net