Aradığımız Araik Moskvada: Kreml təslim etmir, Bakı susur - NƏ ETMƏLİ?
Tarix: 29-04-2021, 16:24 | Çap et
Aradığımız Araik Moskvada: Kreml təslim etmir, Bakı susur - NƏ ETMƏLİ?
Qarabağın separatçılarının rəhbəri Araik Arutunyan bu günlərdə Rusiyanın paytaxtı Moskvaya gedib. Erməni mediasının məlumatına görə, terrorçubaşı Rusiya xüsusi xidmət orqanlarının dəvəti ilə səfər gerçəkləşdirib. Bildirilir ki, Arutunyanın Ermənistanın Baş naziri Nikol Paşinyandan asılı vəziyyətdə olmasını Rusiyadakı bəzi dairələr istəmir. Bu səbəbdən də onu Paşinyanın hər dediyinə əməl etməməsi mövzusunda təlimatlandırmaq üçün Moskvaya çağırıblar.

Bizim üçün məsələnin bu qismi o qədər də əhəmiyyətli deyil. Çünki faktiki olaraq “Dağlıq Qarabağ Respublikası” adlı qondarma qurum artıq yoxdur, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu separatçıları pərən-pərən saldı. Oyuncaq qurum nə qədər özünə “dövlət” də desə, faktiki olaraq diz çökmüş vəziyyətdədir. Digər yandan, terrora dəstək verən rəsmi İrəvanla öz terrorçuları arasında hansısa davanın getməsinin də Azərbaycana dəxli yoxdur.

Azərbaycana dəxli olan odur ki, ərazisində uzun illər terror fəaliyyəti ilə məşğul olmuş, hələ də separatçı tör-töküntünün başında dayanan, İkinci Qarabağ müharibəsində Gəncəyə, Tərtərə, Ağcabədiyə və digər rayonlarımıza ballistik raket atılmasına əmr vermiş (bu faktları Arutunyanın özü etiraf edib), dinc əhaliyə qarşı terror törətmiş, mülki əhalinin ölümünə səbəb olan bir müharibə canisi Moskvaya necə buraxılıb?!

Terrorçunun Rusiya paytaxtına hansı sənədlə getdiyi sualına Moskva tərəfi cavab verməlidir. Nəzərə alsaq ki, Arutunyan haqqında Azərbaycan Baş Prokurorluğu tərəfindən bir sıra hərbi cinayətlər maddəsi ilə cinayət işləri açılıb, terrorçubaşı beynəlxalq axtarışa verilib. Rusiya ilə Azərbaycan arasında müvafiq sazişə əsasən, axtarışda olan cinayətkarların ekstradisiyası həyata keçirilməlidir. Belə olan halda Rusiya razılaşmaya əməl edərək Arutunyanı Azərbaycana təhvil verməlidir. Amma Moskva bunu edirmi? Hələlik bir cavab var: Yox!

Azərbaycan ictimaiyyəti Kremlin münasibətlərə bu cür ikiüzlü yanaşmasını qəbul etmir. Arutunyanın Moskva səfəri ilə bağlı bir qrup azərbaycanlı jurnalist Rusiyanın Bakıdakı səfirliyinə müraciət etdi, suallarına cavab istədi. Amma Rusiya səfirliyi bu müraciətə məhəl qoymadı. Əslində məsələ aydındır: Rusiya tarixi boyu tutduğu siyasətə sadiqlik göstərir – separatizmə dəstək verir.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də AYNA-ya şərhində xatırladıb ki, Arutunyan hərbi cinayətkardır və Azərbaycan Baş Prokurorluğu onun barəsində cinayət işi açıb, beynəlxalq axtarışa verib: “Belə bir caninin Moskvaya səfər etməsinə Rusiya hakimiyyəti imkan yaratmamalıdır. Hətta kimlərinsə dəstəyi ilə Araik Moskvaya gedibsə, Rusiya hüquq-mühafizə orqanlarının beynəlxalq hüquqa əsasən, borcudur ki, onu saxlasınlar və Azərbaycana versinlər. Amma təəssüf ki, bunu görmürük. Əksinə, Rusiyada müəyyən dairələr israrla Qarabağdakı separatçı rejimi diriltmək istəyir. Hesab edirəm ki, Arutunyanın Moskvaya səfəri bununla bağlıdır”.

“Bəllidir ki, “Dağlıq Qarabağ Respublikası” adlı qurum artıq mövcud deyil və deməli, onun “lideri” də ola bilməz. Rusiyadakı ifritə dairələr anlamalıdır ki, öz ölkələrinin Prezidenti dəfələrlə deyib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Araik isə özünü hələ də Azərbaycanın tərkib hissəsi olan bir ərazinin “lideri” elan edir və Moskvaya bu adla gedir. Bu məsələyə Kreml bir aydınlıq gətirməli və münaqişəni alovlandıra biləcək addımların qarşısı alınmalıdır”, - deyə politoloq vurğulayıb.

Q.Hüseynli rəsmi Bakının məsələyə susqunluğunu da anlaya bilmir: “Xarici İşlər Nazirliyi rəsmi Moskvadan cavab istəməlidir ki, hərbi cinayətlərindən dolayı axtarışda olan bir şəxs Rusiyaya necə səfər edib, hansı sənədlə oraya daxil olub? Daxil olmağı bacarıbsa, o zaman niyə Azərbaycana təhvil verilmir? Kremlə diplomatik dillə çatdırılmalıdır ki, bu cür addımlar yaxşı nəticə verməyə bilər. Aydındır ki, hansısa dairələr münaqişəni yenidən qızışdırmaqda maraqlıdırlar. Amma unudurlar ki, bu dəfə daha sərt ola bilər və saxlamaq istədikləri Ermənistan tamamilə yox ola bilər”.

AĞ Partiya sədri Tural Abbaslı isə hesab edir ki, Rusiya Qarabağ kartından istifadə edərək özünün Cənubi Qafqazdakı varlığını qorumaq niyyətindədir. O, AYNA-ya deyib ki, Moskva münaqişənin tam olaraq həllində, bölgədə sülhdə maraqlı deyil: “Kreml anlayır ki, Qarabağ məsələsi birdəfəlik həll olunsa, proses yekun sülh müqaviləsi ilə bitsə, regionda təsir imkanları qalmayacaq. Anlamaq lazımdır, Rusiya bu problemin maksimum qalmasında maraqlıdır. Qarabağ məsələsi Rusiyaya xeyirdən çox ziyan gətirməyənədək Kreml bu kartı əlindən verməyəcək. Arutunyan, lap elə Paşinyan Moskvanın “peşkasıdır”. Qarabağ terrorçusu Moskvaya özbaşına getməyib ki. Təbii ki, münaqişənin qalmasında maraqlı olan dairələrin istəyi ilə gedib, təlimatlandırılıb. Ona hansı təlimatlar verildiyini yaxınlarda biləcəyik”.

“Düşünürəm ki, rəsmi Bakı yaxın müttəfiqləri ilə Rusiyanı seçim qarşısında qoymalıdır. Elə vəziyyət yaratmalıyıq ki, Moskva özü könüllü şəkildə Qarabağdakı münaqişənin tam həllində maraqlı olsun”, - deyə həmsöhbətimiz vurğulayıb.

T.Abbaslının qənaətincə, Moskva Arutunyanı faktiki olaraq Qarabağdakı ermənilərin təmsilçisi sayır: “Bu, bölgədə Rusiyanın varlığını təmin etməyə hesablanmış addımdır. Qarabağda ermənilər olmazsa, ruslar hansı səbəblə bölgədə qala bilər? Hətta separatçılar sabah Xankəndini tərk etmək qərarı alsalar da, Moskva buna imkan verməz. Çünki ermənilər çıxsalar, o zaman sülhməramlı adı altında ərazilərimizə soxulmuş Rusiya hərbçilərinin bir işi qalmayacaq”.

Siyasətçi hesab edir ki, əsas işimiz erməni silahlı quldurlarını Qarabağdan çıxarmaq olmalıdır: “Ultimatum verilməlidir ki, öz xoşlarına çıxmırlarsa, anti-terror əməliyyatına başlayırıq və başlamalıyıq. O zaman Rusiya da buna mane ola bilməyəcək. Bir məsələni də demək lazımdır. İndi deyirik ki, Araiki Rusiya bizə versin. Amma unuduruq ki, separatçını beynəlxalq axtarışa versək də, o, bizim ərazimizdə sərbəst gəzib-dolaşır, Xankəndidə oturur. Bunun qarşısını ala bilmiriksə, separatçının Moskvaya gedişinə necə mane olaq?! Yaxud da, Araiki Moskvadan necə alaq?! Adama deyərlər, həbs edin, o da heç yerə gedə bilməsin. Mən anlayıram, qanun var, dövlətlərarası saziş var və s. Hər halda qanuna əsaslanaraq Rusiyadan tələb edilməlidir. Amma rəsmi Bakı susur”.

Yekun olaraq bildirək ki, əlbəttə, nə Azərbaycan ictimaiyyəti susmalıdır, nə də rəsmi Bakı. Çünki bu adam qatı hərbi cinayətkardır, özü etiraf etdiyi kimi – terrorçudur. Buna susmaq yolverilməzdir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net