Qarabağa yük maşınlarında nə daşınır? - AKTUAL
Tarix: 16-03-2021, 10:25 | Çap et
Qarabağa yük maşınlarında nə daşınır? - AKTUAL
Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 20 yük avtomobilindən ibarət 130 ton humanitar yükün çatdırılmasını təmin edib. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sosial obyektlərin və yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə Rusiya Humanitar Reaksiya Mərkəzinin yeddinci karvanı da rayona çatdırılıb. Vurğulanıb ki, yardım 10 noyabr tarixli saziş çərçivəsində Azərbaycan tərəfinə göstərilib.

Ümumilikdə, Rusiya sülhməramlılarının köməyi nəticəsində indiyədək Azərbaycanın işğaldan azad edilmiş müxtəlif bölgələrinə 7 avtomobil karvanı ilə təxminən 1300 ton yük daşınıb. Məsələ ondadır ki, Qarabağdakı mövcud durum və Moskvaya münasibət bu cür yardımlara qarşı ictimaiyyətdə narazılıq yaradır. Daha doğrusu, ölkə ictimaiyyəti Rusiyanın bu qədər yük TIR-ları ilə Qarabağa sadəcə “inşaat materialları” daşıdığını düşünmürlər. Yük maşınlarında separatçılara “silah-sursat” daşındığı iddia edilir.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Şərq”ə deyib ki, rəsmi Bakının Rusiya tərəfindən Azərbaycana daşınan yüklərə tam nəzarət etmək imkanı və hüququ var. Analitik bildirib ki, əgər söhbət konkret 7 karvandan və 1300 ton yükdən gedirsə, onların tərkibi ilə bağlı Azərbaycanı məlumatlandırma proseduru mövcuddur:

“İctimaiyyətdə buna şübhə ilə yanaşılması başqa məsələdir. Nə qədər ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ yekunlaşmayıb, Qarabağ ətrafında müxtəlif spekulyasiyalar olacaq. Zəngəzur dəhlizinin reallaşması sadəcə problemin birdəfəlik həlli anlamına gəlmir. Eyni zamanda bütövlükdə Qarabağ mövzusunu gündəmdən çıxaracaq və mənasız daxili məsələyə çevirəcək. Bölgədə rusların təsirlərinin güclü qalması isə Rusiya-Türkiyə və Rusiya-Avropa münasibətlərində baş verən hansısa hadisənin dinamikliyindən asılıdır.

Prosesə bu formada baxmaq lazımdır. Hazırda Qarabağda 50 min erməninin olduğu deyilir. Onların əksəriyyəti müharibə zamanı Qarabağı təkr edəndə yenidən qayıtmayacaqlarını düşünürdülər. Necə ki, digər ərazilərin işğaldan azad edilməsindən sonra orada süni məskunlaşdırılan ermənilər bir daha geri dönmədilər. Həmin prosesin Qarabağın dağlıq bölgəsində yaşanacağı da gözlənilirdi. Amma 10 noyabr razılaşmasına əsasən, ermənilərin kompakt yaşadığı ərazilərdə qalmasına icazə verildi”.

Ə.Əlibəyli əlavə edib ki, ötən müddət ərzində bölgədə müəyyən təxribatların şahidi olmuşuq:

“Rusiya sırf humanitar məqsədlə yük daşımaları həyata keçirdiyini, ermənilərə yardım etdiyini bildirir. Nə dərəcədə səmimi olduqları, yük maşınlarında nə daşıdıqlarına gəldikdə isə ölkə Prezidenti böyük ölçüdə Rusiyanın fəaliyyətindən razılıq ifadə edib. Arzuolunmaz kiçik detallar olsa da, onlar ümumi prosesə maneçilik törətmir. İctimaiyyət arasında narahatlığın səbəbi başqadır. Əfsuslar olsun ik, informasiya məkanında erməni mediasından gələn bir dominantlıq var. Düşmən tərəfdə nə yazılırsa, dərhal ölkəmizdə gündəmə çevrilir. Adekvat olaraq həmin xəbər qarşısında çevik davrana bilmirik, bu da bir sıra hallarda ictimaiyyətin narahatlığına gətirib çıxarır”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net