“Siyasi böhrandan sonra Ermənistanda 1.5-2 milyon əhali qalacaq” – Ruben Vardanyanın 2 ssenarisi
Siyasi böhrandan sonra Ermənistanda hadisələrin inkişafı iki istiqamətdə gedə bilər. Onlardan biri əhalinin ölkə ərazisini kütləvi tərk etməsidir. Digəri isə xaricdəki erməni diasporunun bir araya gəlib investisiyalar qoyub Ermənistanı turizm məkanına çevirməkdir.
Ovqat.com xəbər verir ki, "Üçlü dialoq" (“Troyka Dialoq”) İnvestisiya Şirkətinin sabiq sahibi Ruben Vardanyan bu proqnozla çıxış edib.
Vardanyanın sözlərinə görə, hər iki ssenaridə erməni əhalisinin aktiv hissəsinin ölkəni tərk etməsi gözlənilir. İlk ssenaridə əhalinin sayı 2 milyona qədər azalacaq.
“Hazırda Ermənistanın 3 milyona yaxın əhalisi var. Onlardan 200 min nəfəri çoxu bu il Ermənistanı tərk etmək niyyətindədir, daha 200-300 min isə bu barədə düşünür”, - Vardanyan bildirib.
İş adamının sözlərinə görə, Ermənistanda hər zaman keçmişdən danışırlar, lakin ölkənin gələcəyini müzakirə etmirlər. "Elə bir variant var ki, biz 1,5–2 mln.insanın qalacağı çox sakit, o qədər də fəal olmayan məkan ola bilərik. Oraya xaricdəki erməni diasporundan 2 milyard dollar yardım göndərilər. İnsanlar daha yaxşı yaşayar, çünki daha az sayda insanlar daha çox pul qazanar. Bu, Abxaziyaya bənzər bir ölkə olmaq deməkdir", - Vardanyanın ilk ssenarisi bundan ibarətdir.
Biznesmen bu ssenarini "tamamilə realist" adlandırıb, çünki onun dediyinə görə, Ermənistan əhalisi “bu ölkədə uğur qazanacağına inanmır, hətta seçkilərə belə ayağını sürüyə-sürüyə gedir".
Vardanyanın fikrincə, bu ssenariyə görə, ölkədə ancaq passiv insanlar qalacaq. Onlar pis yaşayacaqlar, amma ümumiyyətlə, hamı öz halından razı qalacaq. Xaricdən gələn pula öyrəşəcəklər. “Bu cür yardımla yaşamaq narkotik kimidir. Adi müəyyənləşdirilmiş gəlir kimi. Amma burada söhbət həmin pensiyanı dövlətin yox, qohum-əqrəbanın verməsindən gedir", - deyə o qeyd edib.
Bununla yanaşı, Vardanyanın fikrincə, başqa bir ssenari də mümkündür. Biznesmen hesab edir ki, bu halda xarici diasporun ölkə həyatında daha fəal iştirakı vacibdir. "Yalnız Moskvadan deyil, Peterdən, Parisdən və ya Los Angelesdən tənqid etmək və burada vəziyyətin nə qədər pis olduğunu söyləməklə kifayətlənmək olmaz. Həm də kiçik məbləğdə də olsa pul göndərmək və vicdanın təmiz olduğunu hiss etmək lazımdır”, - Vardanyan ikinci ssenarisini bu cür açıqlayıb.
O bildirib ki, ikinci ssenarinin həyata keçməsi üçün yüzminlərlə erməni əlini daşın altına qoymalıdır: “Yüz minlərlə insandan danışırıq. Söhbət Ermənistana gələcək və onu cənnətə çevirəcək bir neçə on top menecerdən getmir”.