Ermənistan parlamentində hakim “Mənim addımım” fraksiyasını təmsil edən deputat Vahe Qalumyanın yerli mətbuata verdiyi müsahibə ölkəsində narazılıqla qarşılanıb.
Qazet.az xəbər verir ki, deputatın guya torpaqların (Qarabağ – red.) “satılması” ilə bağlı ermənilər tərəfindən səsləndirilən fikilərə etirazı diqqət çəkib:
“Müharibə haqqında səslənən satqınlıq və ya xəyanət edilməsi fikirləri ilə razı deyiləm. Mən xəyanət ittihamının tamamilə əsassız olduğunu düşünürəm. Ordu məğlub oldu, nə xəyanət?”.
Deputat qeyd edib ki, məğlubiyyətdə yalnız ordu günahkar sayılır. Məsələlərə bir az qlobal yanaşacaqları təqdirdə isə, ümumiyyətlə müharibəni xalq olaraq birlikdə uduzublar.
Qalumyan döyüşlərdən sonra itirən tərəfin yalnız iqtidar yox, müxalifət də olduğunu diqqətə çatdırıb. O, jurnalistin “Məğlub olan hökumət getməməlidirmi?” sualına “Əlbəttə, getməməlidir” deyərək cavab verib.
“Xalq da uduzdu. Hər halda, birlikdə itirdik. İnsanlar niyə müharibədə iştirak etmədilər? Əlbəttə, səhvlərimiz var, onlardan qaçmırıq. Ancaq səhvlərə görə iki illik hökuməti günahlandırmağa razı deyiləm”.