Cəlilabadda icra başçısı həbs olunsa da... - İTTİHAM
Xəbər verdiyimiz kimi bir müddətdir ki, Cəlilabad rayon Muğan kənd sakini Tərlan Ağayev redaksiyamıza Muğan bələdiyyəsinin keçmiş sədri Rasif Həsənovun korrupsiya faktları ilə bağlı ilginc sənədlər təqdim etməkdədir. Həmin sənədlər açıq-aşkar korrupsiya faktlarıdır və ümid edirik ki, Baş Prokurorluq bu məsələni araşdıracaq.
T.Ağayev yazır ki, R.Həsənov vətəndaşlardan yığdığı torpaq vergisini büdcəyə köçürmək əvəzinə, öz cibinə qoyub. Belə ki, R.Həsənov Muğan bələdiyyəsinə aid təyinatı əkinə tam yararsız torpaqlarda öz qohum-əqrabasına əkin aparmağa icazə verib. Bununla yanaşı, o, əkilən torpaqlardan alınan icarə haqqını öz cibinə qoyub və bələdiyyənin büdcəsinə bir manat da köçürməyib.
“Daha sonra müqavilə müddəti bitsə də, adı çəkilən şəxslər 16 il ərzində həmin torpaqda qanunsuz əkin işləri aparıblar…”
R.Həsənov qayınatası Şahbazov Əşrəf Abbas oğluna, qayınları Fərail və İntizam qardaşlarının hər birinə 25 hektar olmaqla ümumilikdə, 75 hektar torpaq sahəsini keçmiş Söyüdlü bələdiyyəsində bağlanmış 2000-ci ildən 2005-ci ilə kimi müqavilə ilə onlara verib. Daha sonra müqavilə müddəti bitsə də, adı çəkilən şəxslər 16 il ərzində həmin torpaqda qanunsuz əkin işləri aparıblar. Hələ bu azmış kimi həmin 75 hektar torpaq sahəsini R.Həsənovun iştirakı ilə rayonun Uzuntəpə kənd sakini Kərimov Fariz Nurəddin oğluna əllərində torpaq mülkiyyəti, üzərində səlahiyyətləri olmadan icarəyə verərək külli-miqdarda pul alıblar.
“Bu isə açıq-aşkar R.Həsənovun saxtakarlıq etməsini sübut edir və burda cinayət tərkibi var…”
Həmin sənədlərə baxış keçirilən zaman məlum olur ki, R.Həsənov hələ 2005-ci ildə 03 saylı protokola əsasən müqaviləyə xitam verib. Lakin daha sonra sənədlərə qanunsuz müdaxilə edərək yenidən öz iştirakı ilə sub-icarə müqaviləsi bağlayıb. Bu isə açıq-aşkar R.Həsənovun saxtakarlıq etməsini sübut edir və burda cinayət tərkibi var. Çünki R.Həsənovun qayınatasının və qayınlarının Muğan bələdiyyəsi mülkiyyətində olan 75 hektar torpaq sahəsi üzərində səlahiyyətləri olmadan başqa şəxslərə satması birbaşa cinayətdir. Belə ki, Ə.Şahbazov hələ 2007-ci ildə 75 hektar torpaq sahəsinə görə dövlət büdcəsindən hər hektarına 40 manat olmaqla ümumilikdə 3 min manat pul alıb və dövlət büdcəsinə ziyan vurub. Həmin pulun alınmasında isə R.Həsənovun xüsusi rolu var. Bundan başqa R.Həsənovun bacısının yoldaşı Həsənov Allaverdi Xosu oğlu Söyüdlü bələdiyyəsindən 2000-ci ilin fevral ayının 23-də torpaq istəməsini bildirsə də, həmin torpaq sahəsi elə həmin tarixdə vətəndaşa Bələdiyyərlə Əlaqələndirmə Şurasının sədri Baxış Mustafayevin iştirakı ilə verilmişdir.
Qeyd edək ki, Baxış Mustafayev 1999-cu ildən rayonda Bələdiyyələrlə Əlaqələndirmə Şurasının sədridir. O, bələdiyyələrin inkişafı üçün hər il verilən 2000 manat dotasiyalara şəxsən nəzarət edir. Bu haqda gələn yazılarımızda əlavə məlumat verəcəyik. Allahverdi Həsənovun icarə müddəti 2005-ci ildə bitsə də, R.Həsənov burda yenə saxtakarlıq edərək müqavilənin çıxarışını dəyişdirib, müqavilənin müddətini 2005-ci ildən 2029-cu ilə kimi qanunsuz uzatmışdır. Bütün bunlar A.Həsənovun izahatında da açıq-aşkar etiraf olunur. Hələ üstəlik A.Həsənov qayını R.Həsənovun onun torpaq sahəsinin yanında 10 hektar torpaq sahəsini qanunsuz zəbt etdiyini də bildirib.
Maşlıq kənd sakini Məhərrəmov Səid Həmzəxan oğlu da izahatında 2000-ci ildə bələdiyyədən 27 hektar icarəyə torpaq aldığını və hər il buna görə R.Həsənova 100 manat pul verdiyini bildirib.
“Nizami Tağıyev Qarabağ əlilini R.Həsənovun sifarişi ilə cərimə etdiyini əməkdaşımıza etiraf edib…”
Xatırladaq ki, R.Həsənov elə bir şərait yaradıb ki, öz qohumlarından başqa heç kim bələdiyyədən icarəyə torpaq ala bilmir. Elə bu il qadın bələdiyyə sədrindən 10 hektar icarəyə torpaq alan ikinci qrup Qarabağ əlili Qürbətov Bəxtiyar Verxuda oğlu R.Həsənovun göstərişi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cəlilabad Ərazi Şöbəsinin məsləhətçisi Nizami Tağıyev tərəfindən 500 manat cərimə edilib. N.Tağıyev Qarabağ əlilini R.Həsənovun sifarişi ilə cərimə etdiyini əməkdaşımıza etiraf edib. Bəs görən bu qədər torpaqları qanunsuz zəbt edən R.Həsənov və onun qohumlarını N.Tağıyev niyə cərimələmir?
Qeyd edək ki, R.Həsənov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Cəlilabadın keçmiş icra başçısı Namiq Zeynalovun göstərişi ilə Muğan bələdiyyəsində bir neçə ay öncə mühasib vəzifəsinə təyin olunub. Bir sözlə, “Quzunu qurda tapşırıblar”.
Yazının davamı var, araşdırmamız davam edir.
Ardı gələn sayımızda…
DOSYE.ORG