Gəncədən olan məktəbli İnformatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazandı!
Tarix: 1-12-2020, 17:22 | Çap et
Gəncədən olan məktəbli İnformatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazandı!
“Azercell”in dəstəyilə hazırlıq keçən Azərbaycan komandası uğurlu nəticələr nümayiş etdirir.

Bolqarıstanın Şumen vilayətində informatika fənni üzrə 12-ci Beynəlxalq payız turniri baş tutub. Onlayn formatda keçirilən yarışda 17 ölkədən 403 iştirakçı öz biliyini sınayıb. Fəxrlə qeyd edək ki, artıq ikinci dəfədir ki, sözügedən yarışmada iştirak edən məktəblilərimiz uğurlu nəticə əldə edirlər. Belə ki, Azercell-in dəstəyilə turnirə hazırlaşan Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb!

Xatırladaq ki, Əziz Hüseynov iki ay öncə Sinqapurda keçirilən 32-ci Beynəlxalq İnformatika Olimpiadasında, həm də İndoneziyada təşkil olunan Asiya Pasifik İnformatika Olimpiadasında da bürünc medal əldə edib.

“Azercell Telekom” 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin fəaliyyətinə dəstək verir. İndiyədək mərkəzdə keçirilən məşğələlərə Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən 300-dən çox şagird cəlb edilib. Məqsəd - istedadlı şagirdlərin aşkar edilməsi, Azərbaycan məktəblilərinin iştirak etdikləri beynəlxalq fənn olimpiadalarında nailiyyətlərin artırılmasıdır. Burada yerli və xarici ali məktəblərin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının tanınmış alimləri və qabaqcıl müəllimləri beş fənn üzrə hazırlıq keçirlər. Mərkəzdə məşğələ keçən Azərbaycan məktəbliləri hər il 15-ə yaxın müxtəlif beynəlxalq olimpiada və müsabiqədə iştirak edirlər.

“Azercell” şirkəti daim ölkəmizdə informasiya-texnologiyaları sahəsində təhsilə, yüksəkixtisaslı kadrların yetişdirilməsi məqsədilə təşkil edilən layihələrə dəstək olur. Şirkət ötən il Bakı şəhərində keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasında istedadların Rəqəmsal Sponsoru qismində çıxış edib. Ölkənin lider mobil operatoru Azercell informatika sahəsi üzrə istedadlı şagirdlərin aşkar edilməsi, onların öz elmi potensiallarını inkişaf etdirmələri üçün dəstəklənməsi istiqamətində fəaliyyətini gələcəkdə də davam etdirəcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net