Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Kəmərli kəndi ərazisindəki su anbarı ötən əsrin 80-ci illərində inşa edilib. Ermənistan ərazisindən mənbəyini götürən İncəsu çayı bu anbara tökülür. Nəticədə ora yığılan sudan Kəmərli kəndi ilə yanaşı, İncə dərəsinin digər kəndləri olan Qaymaqlı və Aslanbəyli kəndlərinin sakinləri də istifadə edirdi. Görünən odur ki, anbarda su demək olar ki, yoxdur.
Sakinlər deyir ki, ermənilər qəsdən bura gələn İncəsu çayının qarşısını kəsib. İndi düşmən hər vəchlə çayın Azərbaycan ərazisinə keçməsinə mane olmağa çalışır.
Qazax Suvarma Sistemləri İdarəsindən bildirdilər ki, suyun anbara toplanması ancaq İncəsu çayı vasitəsilə mümkündür. Bu isə bədnam qonşularımızın nəzarətindədir. Qurumdan qeyd edilib ki, İncə dərəsi istiqamətində Kür çayındakı üç pilləli nasos stansiya 1553 hektar sahəni suvarma suyu ilə təmin edir. Məsələnin həlli ancaq Kür çayından yeni nasos stansiyasının qurulması ilə mümkün ola bilər. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciətlər olunub.