Bu kəndin içməli su problemi həll edildi
Tarix: 13-07-2020, 15:11 | Çap et
Bu kəndin içməli su problemi həll edildi

“Azərsu” ASC kəndlərdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Dövlət investisiya proqramı çərçivəsində Şabran rayonunun içməli su çatışmazlığından əziyyət çəkən Taxtalar kəndinin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanıb.

Bu barədə “Report”a qurumdan bildirilib.

Şabran rayonunun Taxtalar kəndinin əhalisi uzun illərdir içməli su çatışmazlığından əziyyət çəkib. Vaxtilə rayonun Dağ Bilici kəndindəki bulaqdan kəndə su xətti çəkilib və bulaq quraşdırılıb. Bbir neçə il əvvəl quraqlıq səbəbindən su təchizatı dayanıb, mövcud su təchizatı sistemləri isə yararsız vəziyyətə düşüb. Ötən müddətdə sakinlər içməli tələbatlarını maşınlarla daşınan su hesabına ödəyib.

Taxtalar kəndinin içməli su probleminin həlli məqsədilə “Azərsu” tərəfindən layihə hazırlanıb və tikinti-quraşdırma işlərinə başlanılıb. Layihəyə əsasən, kəndin içməli su təchizatı Şabran şəhəri yaxınlığındakı su anbarı hesabına təmin olunacaq. Taxtalar kəndi relyef baxımından yüksəklikdə olduğundan suyun kəndə nəqli üçün nasos stansiyası quraşdırılacaq. Hazırda su anbarından kəndə qədər 114 mm diametrli polad borularla 4,8 km uzunluğundan magistral su kəmərinin tikintisi davam etdirilir. Bununla paralel olaraq kənd ərazisində 3,7 km uzunluğunda paylayıcı su şəbəkəsi inşa edilir. İndiyədək su xətlərinin yarıdan çoxu tikilib. Kənd ərazisində müxtəlif məhəllələrdə əhalinin ümumi istifadəsi üçün 19 ədəd bulaq quraşdırılacaq. Bununla da Şabran rayonunun Taxtalar kəndinin 1000-dək sakini keyfiyyətli içməli su ilə təmin olunacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net