Zərdabda qardaşını boğulmaqdan xilas edən bacı batıb.
Baku TV xəbər verir ki, ötən gün Kür çayının Zərdab rayonun Burunlu kəndindən keçən hissəsində ailələri ilə istirahət edən yeniyetmələr çimmək qərarına gəliblər.
Çayda çimən altı yeniyetmədən üçünün batdığını görən yaxınları onlara kömək etmək istəsələr də, Gədəbəy rayonundan qonaq gələn 30 yaşlı Cavid Yusifov, 15 yaşlı Rahil Hüseynov və 13 yaşlı Nahidə İsmayılova batıb.
Nahidə İsmayılova suda batan kiçik qardaşını xilas edərkən özü boğularaq ölüb. Hadisə Rahil Hüseynovun ata-anasının gözü qarşısında baş verib. Ananın sözlərinə görə, Rahili xilas etmək məqsədilə o da çaya atılıb, lakin son anda qaynı qadını boğulmaqdan xilas edib.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.
Ötən gün axşam saatlarında N.İsmayılovanın meyiti elə batdığı yerdə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Qalan iki nəfərin axtarışları davam etdirilir.