Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət etsələr də... - GİLEY
Şəhniyarovlar ailəsi evin kişisini karantin günlərində itirib. Cənazəsini 3-5 nəfərlə aparıb dəfn ediblər. Bu, azmış kimi ailənin yağan yağışlar və leysan nəticəsində köhnə evləri də uçub. Evin təmiri ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, “vəsaitimiz yoxdur” deyib yola salıblar. DİA.AZ xəbər verir ki, Şəhniyarovlar imkansız ailə kimi qeydiyyatda olsalar da, karantin müddətində paylanılan yardımlardan onlara heç nə çatmayıb. Ailə hazırda kiçik bir otaqda yaşayır.
“Aidiyyatı qurumlara müraciət etsək də, səsimizə səs verən yoxdur. İki aydır yoldaşımı itirmişəm. Yoldaşım fəhləlik edib ailəmizi saxlayırdı, indi iki oğlum və mən işləyə bilmirik deyə vəziyyətimiz pisdir. Sosial yardım üçün müraciət etdik, “sizə düşmür” dedilər. Heç bir yerdən 1 qəpik gəliri olmayana düşmürsə, bu yardım kimə düşməlidir bəs? Bununla bağlı icra hakimiyyətinə də müraciət etdik, amma heç bir köməklik olunmadı”, - Tünzalə Şəhniyarova deyir.
Qonşuları da ailənin durumundan narahatdır:
“Biz Azərbaycanda yaşamırıqmı? Xaricdən gəlməyiblər axı, bunların da yaşamaq haqqı var.
Biz qonşular yığıldıq ki, evi təmir etdirək, mümkün olmadı. Yağış yağanda ev tamamilə uçdu. Ailənin bir oğlu xəstədir, əlillik vermək üçün pul istəyirlər, pul tapa bilmir deyə əlillik də vermirlər. Çox şey istəmirlər ki, başlarını soxmağa bir otaq istəyirlər. Ailə başçısı rəhmətə gedəndə ağlamaq üçün bir otaq da olmadı ki, girib ölümüzü ağlayaq. Hal-hazırda karantin vaxtında 2 kvmetrlik otaq tikiblər, 3 nəfər o yerdə yatır, çimir, yeyir. Belə də yaşamaq olar? Hamıya 190 manat payladılar, amma belə imkansız ailəyə verilmədi. 3 aydır bu ailə nə yeyir, harda qalır deyə heç kim maraqlanmır”.
Şəhniyarovlar Ağstafa və Qazax rayonunun kəsişməsindəki Yeni Məhəllə adlanan ərazidə yaşayır. Tünzalə Şəhniyarova deyir ki, problemlərinin həlli də iki rayonun arasında qalıb:
“Qazı, işığı, suyu Qazaxdan alırıq, amma torpağımız Ağstafaya baxır. Qazağa şikayət edirik, deyirlər “Ağstafa baxır”, Ağstafaya gedirik, deyirlər “Qazax baxır”. Dərdimizi kimə deyəcəyimizi bilmirik. İcra başçılarından onsuz da əllərimizi üzmüşük, nə vaxt getsək “imkanımız yoxdur, sonra gələrsiniz” edirlər”. Qonşular isə ümid yeri kimi imkanlı şəxslərə üz tutur:
“Azərbaycan xalqının pul xərcləyən mərd oğlanları, qızları var, nə olar ki, bu imkansız ailəyə də kömək etsələr? Cənab prezident İlham Əliyevdən, onun xanımı Mehriban Əliyevadan xahiş edirik, bəlkə bu ailəni də görüb kömək edərlər”.